Financial Times: İranla əlaqəli tankerlər ABŞ blokadasını yardı
İranla əlaqəli çox sayda tankerin ABŞ-ın Hörmüz boğazında İran limanlarına giriş-çıxış edən gəmilərə qarşı tətbiq etdiyi dəniz blokadasını yardığı iddia edilib.
AFN.az xəbər verir ki, Britaniyanın "Financial Times" (FT) qəzetinin yük izləmə şirkəti "Vortexa"nın məlumatlarına istinadən yaydığı xəbərdə ABŞ-ın blokada qərarından bu yana ən azı 34 tankerin Körfəzə giriş və ya çıxış etməyə nail olduğu bildirilib. Qeyd olunan gəmilərdən 19-nun Körfəzdən çıxdığı, 15-nin isə Oman dənizi vasitəsilə İrana doğru hərəkət etdiyi qeyd olunub.
Məlumatda Körfəzi tərk edən tankerlərdən ən azı 6-nın İran xam nefti daşıdığı və ümumilikdə təxminən 10,7 milyon barel neftin daşındığı bildirilir. Analitiklər qeyd edir ki, bu həcmdə neft satışı Tehrana təxminən 910 milyon dollar gəlir qazandıra bilər.
Xəbərdə həmçinin xatırladılır ki, süni peyk görüntülərinə əsasən, "Dorena" adlı supertanker Malayziya sahillərində neftin mənbəyini gizlətmək üçün gəmidən gəmiyə (STS) transfer üsulu ilə yük boşaltması həyata keçirib. Həmin tankerin sonuncu dəfə aprelin 18-də Hindistan sahillərində olduğu təsbit edilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp blokadanı "böyük uğur" adlandırsa da, CENTCOM-un 13 apreldən etibarən tətbiq etdiyi məhdudiyyətlərin bəzi gəmilər tərəfindən transponderləri söndürməklə yan keçildiyi vurğulanır. Hazırda Körfəzdə 800-ə yaxın gəminin hələ də sıxışıb qaldığı bildirilir.


