Veneseulada həbsxanada üsyan: 5 məhbus həyatını itirdi
Veneseulanın Miranda ştatındakı həbsxanaların birində baş verən üsyanda 5 məhbusun öldüyü bildirilib.
AFN.az xəbər verir ki, Veneseula Həbsxana Xidmətləri Nazirliyindən verilən açıqlamaya görə, ştatın yüksək təhlükəsizlikli Yare həbsxanasında məhbuslar arasında yaranan mübahisə qısa müddətdə üsyana çevrilib.
Hadisə nəticəsində 5 məhbusun həyatını itirdiyi, üsyanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən təhqiqat başladıldığı ifadə edilib. Veneseula Həbsxanalar Müşahidə Korpusu isə sosial media hesabı vasitəsilə yaydığı məlumatda həbsxanada qeyri-sabit vəziyyətin davam etdiyini və ailə görüşlərinin təxirə salındığını qeyd edib.
İctimai Nazirlik tərəfindən yayımlanan qısa bəyanatda isə hadisənin tam aydınlaşdırılması və məhbusların hüquqlarının təmin olunması məqsədilə xüsusi komissiyanın fəaliyyətə başladığı diqqətə çatdırılıb.


