ABŞ-ın sursatı bir neçə ilə tükənə bilər
ABŞ ordusunun İrana hücumlarla başlayan müharibədə raket ehtiyatlarını böyük ölçüdə xərclədiyi və yaxın bir neçə il ərzində yeni bir münaqişə yaranacağı təqdirdə sursatın tamamilə tükənmə riski ilə üz-üzə qaldığı iddia edilib.
AFN.az xəbər verir ki, "CNN" televiziyasının Pentaqonun daxili qiymətləndirmələrindən xəbərdar olan mənbələrə istinadən yaydığı məlumatda fevralın 28-dən bəri davam edən döyüşlərdə ABŞ-ın əsas raket arsenalının ciddi şəkildə azaldığı qeyd olunub. Bu vəziyyətin yaxın gələcəkdə Çin kimi böyük bir güclə baş verə biləcək mümkün qarşıdurmada ABŞ-ın silahsız qala biləcəyi ehtimalını artırır.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təhlilinə görə, müharibənin son 7 həftəsi ərzində ABŞ ordusunun yüksək dəqiqlikli hücum raketlərinin ən azı 45 faizi, THAAD raketdən müdafiə sistemlərinin və "Patriot" ehtiyatlarının demək olar ki, yarısı istifadə edilib.
Hesabatda həmçinin qeyd olunur ki, ABŞ ordusu "Tomahawk" raket ehtiyatının təxminən 30 faizini, uzaqmənzilli JASSM raketlərinin 20 faizdən çoxunu artıq tükədib. Sifarişlərin çatdırılma müddətinin 3 ilə 5 il arasında dəyişməsi arsenalın bərpasını çətinləşdirir.
Pentaqon sözçüsü Şon Parnell isə məsələ ilə bağlı açıqlamasında ABŞ ordusunun milli maraqlarını qorumaq üçün kifayət qədər geniş imkanlara və silah arsenalına sahib olduğunu vurğulayıb.
