ABŞ kəşfiyyatı: İranın raket potensialı hələ də yüksəkdir
ABŞ kəşfiyyat mənbələrindən alınan məlumatlara görə, ABŞ və İsrailin son beş həftə ərzində İrandakı hərbi hədəflərə qarşı həyata keçirdiyi intensiv hava hücumlarına baxmayaraq, Tehran rəhbərliyinin raketburaxma qurğularının təxminən yarısı hələ də işlək vəziyyətdədir.
AFN.az xəbər verir ki, hazırlanan son hesabata əsasən, İranın arsenalında minlərlə birtərəfli hücum dronu mövcuddur.
Kəşfiyyat məlumatları ABŞ və İsrailin hücumları nəticəsində İranın hərbi potensialının zəiflədiyini, həmçinin yüksək rütbəli şəxslərin həlak olduğunu təsdiqləyir. Lakin regiondakı mənbələr İranın hələ də bütün bölgədə ciddi dağıntılara səbəb ola biləcək hərbi gücə malik olduğunu qeyd edirlər. Məlumata görə, məhv edilə bilməyən raket platformalarının böyük bir hissəsi İranın onilliklər ərzində hazırladığı geniş yeraltı tunel və mağara şəbəkələrində gizlədilir.
Donald Tramp administrasiyası və Ağ Ev rəsmiləri İranın raket və pilotsuz uçuş aparatı buraxma qabiliyyətinin dramatik şəkildə azaldığını müdafiə edirlər. Müdafiə naziri Pit Heqset münaqişənin başlanğıcından bəri ballistik raket hücumlarının 90 faiz azaldığını ifadə edib. Pentaqonun sözçüsü Şon Parnell isə açıqlamasında ABŞ ordusunun İran rejiminə ağır zərbələr endirdiyini bildirib.
Digər tərəfdən, İranın Hərbi Dəniz Qüvvələrinin böyük ölçüdə sıradan çıxarıldığı bildirilsə də, İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı dəniz qüvvələrinin potensialının yarısını qoruyub saxladığı qeyd olunur. Hesabatda SEPAH-ın hələ də yüzlərlə kiçik qayıq və pilotsuz dəniz vasitəsinə sahib olduğu ehtimal edilir. Ekspertlər sahil müdafiə raketlərinin yeraltına çəkilə biləcəyini və bu səbəbdən aşkarlanmasının çətinləşdiyini bildirirlər.
