"Meta" işçilərinin klaviatura və siçan hərəkətlərini izləyəcək



"Meta" şirkəti süni intellekt modellərini təkmilləşdirmək məqsədilə əməkdaşlarının iş metodlarını, klaviatura vuruşlarını və siçan hərəkətlərini izləməyə başlayacaq.

AFN.az xəbər verir ki, "Instagram" və "Facebook"un sahibi olan şirkət işçilərinə göndərdiyi rəsmi bildirişdə "Meta" kompüterlərində və daxili tətbiqlərində fəaliyyət göstərəcək yeni alətin süni intellekt texnologiyası üçün təlim məlumatı toplamaq məqsədilə bütün hərəkətləri qeydə alacağını bəyan edib. Şirkət sözçüsü qeyd edib ki, insanların kompüter vasitəsilə gündəlik tapşırıqları yerinə yetirməsinə kömək edəcək sistemlər hazırlayarkən modellərin bu prosesin real nümunələrinə ehtiyacı var.

Lakin şirkət daxilində bu qərar ciddi narahatlıqla qarşılanıb. Adının açıqlanmasını istəməyən bir "Meta" əməkdaşı kompüter üzərindəki hər bir kiçik hərəkətin izlənilməsini və bunun yeni ixtisarlar gözlənildiyi dövrə təsadüf etməsini distopik vəziyyət kimi xarakterizə edib. Qeyd edək ki, "Meta" bu il ərzində artıq 2 minə yaxın işçini ixtisar edib və yaxın aylarda daha böyük ixtisarların olacağı gözlənilir.

"MCI" (Model Capability Initiative) adlandırılan bu yeni izləmə aləti "Meta" tarixində işçilərin fəaliyyətini süni intellekt inkişafı üçün qeydə alan ilk tətbiqdir. Baş icraçı direktor Mark Zukerberq bu il süni intellekt layihələrinə xərcləri artıracağına söz verərək şirkəti texnologiya yarışının ön cəbhəsində saxlamağa çalışır.

"Meta" 2026-cı ildə süni intellekt sahəsinə təxminən 140 milyard dollar xərcləməyi planlaşdırır ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur. Şirkət hələ yanvar ayında verdiyi bəyanatda 2026-cı ilin süni intellektin iş rejimimizi kökündən dəyişəcəyi il olacağını elan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu