Meksikadan Dünya Kuboku üçün təhlükəsizlik vədi
Meksika Prezidenti Klaudiya Şeynbaum 2026-cı il FIFA Dünya Kuboku çərçivəsində ölkəyə gələcək azarkeşlər və turistlər üçün bütün təhlükəsizlik tədbirlərinin hazır olduğunu, oyunlarla bağlı xüsusi protokollar üzərində FIFA ilə birgə iş aparıldığını bildirib.
AFN.az xəbər verir ki, Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında çıxış edən Şeynbaum turnir üçün hər cür təminatın mövcud olduğunu vurğulayıb. O, FIFA rəsmiləri ilə mütəmadi görüşlər keçirdiyini və dünya çempionatı üçün xüsusi təhlükəsizlik komandası ilə protokolun hazırlandığını qeyd edib.
Maçlara ev sahibliyi edəcək ştatların qubernatorları ilə lazımi koordinasiyanın qurulduğunu deyən dövlət başçısı, Meksikanın təhlükəsiz ölkə olduğunu, təkcə yanvar və fevral aylarında ölkəni 16 milyon xarici turistin ziyarət etdiyini xatırladıb.
Paytaxt Mexikodakı turistik Teotihuakan piramidalarında baş vermiş silahlı hücum nəticəsində bir kanadalı turistin həyatını itirməsinə də toxunan Şeynbaum, bu hadisənin xüsusilə arxeoloji ərazilərdə təhlükəsizliyin daha da gücləndirilməsi zərurətini ortaya qoyduğunu qeyd edib. O, hücumun fərdi bir cinayət olduğunu və turnir üçün risk yaratmadığını vurğulayıb.
Xatırladaq ki, 2026-cı il FIFA Dünya Kubokunun açılış oyunu 11 iyun tarixində Mexikodakı məşhur "Azteka" stadionunda ev sahibi Meksika ilə Cənubi Afrika yığmaları arasında keçiriləcək.
