"Qalatasaray"dan ulduz futbolçuya 15 milyon avro maaş təklifi


Türkiyə Super Liqasında çempionluğa doğru irəliləyən və yeni mövsüm üçün heyətini formalaşdırmağa başlayan "Qalatasaray" "Mançester Siti" ilə müqaviləsi başa çatacaq Bernardo Silva üçün etdiyi təkliflə gündəmə gəlib.

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, baş məşqçi Okan Burukun hesabatı əsasında transfer fəaliyyətini davam etdirən İstanbul təmsilçisi ardıcıl dördüncü çempionluğunu qazanmağa yaxın olduğu bir vaxtda heyəti gücləndirmək istiqamətində addımlar atır.

Son günlər "Mançester Siti”dən ayrılacağını rəsmi şəkildə açıqlayan Bernardo Silva yenidən "Qalatasaray”ın əsas transfer hədəfinə çevrilib. Yay transfer dönəmində heyəti Çempionlar Liqası səviyyəsində "10 nömrə” mövqeyi ilə gücləndirməyi planlaşdıran klub mövsümün sonunda müqaviləsi bitəcək 31 yaşlı futbolçu ilə yenidən danışıqlara başlayıb.

"Qalatasaray” Leroy Sanedə olduğu kimi transfer haqqı problemi olmayan təcrübəli oyunçunu yüksək maaşla razı salmağı planlaşdırır. Məlumata görə, portuqaliyalı ulduza illik 15 milyon avro məbləğində təklif irəli sürülüb.

Bernardo Silvanın Səudiyyə Ərəbistanına getməkdənsə, Avropada qalaraq Çempionlar Liqasında çıxış etmək istədiyi bildirilir. Bu səbəbdən "sarı-qırmızılılar”ın transferdə əlverişli mövqedə olduğu qeyd olunur. Futbolçunun "Mançester Siti”dən ayrılmaq qərarının əsas səbəblərindən biri isə iqlim şəraiti kimi göstərilir. O, daha tutqun hava şəraitində yaşamaq istəmədiyini bildirib və bu baxımdan İstanbul variantının uyğun olduğu vurğulanır.

Qeyd edək ki, Türkiyədən "Fənərbaxça” da Bernardo Silvanı transfer siyahısına daxil edib və futbolçunun qərarı maraqla gözlənilir.

Avqust ayında 32 yaşı tamam olacaq Bernardo Silva bu mövsüm "Mançester Siti”nin heyətində bütün turnirlər üzrə 45 oyunda iştirak edib. O, 3298 dəqiqə meydanda qalaraq 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu