Media: Netanyahu Trampın Suriya, Livan və Qəzzadan çəkilmək tələbini rədd edəcək
İsrail mətbuatına görə, İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampın İsrail ordusunun Suriya və Livanın cənubundakı ərazilərlə yanaşı, Qəzza zolağındakı ərazilərdən çəkilməsi ilə bağlı tələbini rədd edəcəyi iddia edilib.
AFN.az xəbər verir ki, İsrailin Kanal 13 televiziyasının xəbərində Netanyahunun ABŞ-a yola düşməzdən əvvəl keçirdiyi həftəlik kabinet iclasında Vaşinqton administrasiyasının İsrail ordusunun Livan, Suriya və Qəzza zolağındakı ərazilərdən çəkilməsini tələb etdiyi bildirilib.
Xəbərdə Netanyahunun kabinet üzvlərinə “Buna qəti şəkildə qarşı çıxacağam və onlara yox deyəcəyəm” dediyi qeyd edilib. Həmçinin Trampın İsrail ordusunun çəkilməsini istədiyi Qəzza zolağına Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) daxil olmasına Təl-Əviv administrasiyasının razılıq verdiyinə diqqət çəkilib.
Kanal 13-ə danışan mənbələr Təl-Əviv administrasiyasının HƏMAS tamamilə silahsızlanana və Qəzza zolağından çıxarılana qədər İsrail ordusunun “Sarı xətt” üzərində nəzarətini davam etdirəcəyi və geri çəkilmənin olmayacağı prinsipini müdafiə etdiyini bildiriblər.
Mənbələr hazırda ISF-də Uqanda və Mərakeş kimi İsraillə dost ölkələrdən cəmi təxminən 200 nümayəndənin olduğunu bildiriblər.
İsrail kabinetinin ISF-yə “Beynəlxalq Təşkilatlar üçün Toxunulmazlıqlar” qanunu çərçivəsində toxunulmazlıq tanınmasını təsdiqlədiyinə diqqət çəkən mənbələr bu qüvvələrin İsrail ordusunun nəzarəti altında olmayan ərazilərdə və ordu ilə tam koordinasiya şəraitində fəaliyyət göstərəcəyini vurğulayıblar.
Bir rəsmi şəxs “ISF-nin hər hansı bir elementinin ölkəyə daxil olması baş nazirin, müdafiə nazirinin və xarici işlər nazirinin ayrı-ayrılıqda təsdiqindən asılı olacaq. İsrail hansı ölkələrin qüvvə göndərə biləcəyini yalnız sülh sazişimiz olan və beynəlxalq aləmdə ölkəyə və ya onun rəsmilərinə qarşı fəaliyyət göstərməyən dövlətlər arasından seçəcək” ifadələrini işlədib.
Xatırladaq ki, Netanyahunun sabah Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcəyi bildirilmişdi.

