Televizor qarşısında uzun müddət vaxt keçirmək beyin həcmini kiçildir
Uşaqlıqda televizor qarşısında saatlarla vaxt keçirənlərə deyilən “O qutu beynini əridəcək” xəbərdarlığı elmi qarşılıq tapıb.
AFN.az xəbər verir ki, yeni araşdırma televizora baxaraq keçirilən saatların beyin sağlamlığına mənfi təsir göstərə biləcəyini ortaya qoyub.
“Alzheimer's and Dementia” jurnalında dərc olunan və 1 700-dən çox yetkin şəxsin təxminən 24 il ərzində izlənildiyi araşdırmada orta yaşlarda tez-tez televizora baxan kişilərin beyin həcmində kiçilmə aşkar edilib.
Sözügedən kiçilmənin Alzheimer xəstəliyinə həssas olan beyin bölgələrində baş verdiyi və koqnitiv geriləmə ilə əlaqəli zədələnmələrin artdığı müəyyən edilib.
Eyni araşdırma günün böyük hissəsini oturaraq keçirən, lakin bu müddətdə tapmaca həll edən, elektron məktublara cavab verən və ya zehni səy tələb edən işlərlə məşğul olan şəxslərin beyin strukturlarının daha sağlam qaldığını göstərib.
Araşdırmada ortaya çıxan gender fərqi alimləri təəccübləndirib. Televizora baxmaqla beyin strukturundakı dəyişikliklər arasındakı əlaqə kişilərdə qadınlarla müqayisədə daha güclü olub.
Ekspertlər bunu qadınların oturma müddətlərini daha tez-tez bölmələri və ya iki cins arasındakı bioloji fərqlərlə əlaqələndirirlər. Həmçinin qadınların televizora daha qısa fasilələrlə baxmağa üstünlük verdiyi, kişilərin isə idman yarışları və filmlər səbəbilə divanda daha uzun və fasiləsiz müddət keçirdiyi bildirilir.
Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları illərdir yalnız nə qədər müddət oturulduğuna diqqət yetirildiyini, lakin oturarkən nə edildiyinin də beyin sağlamlığı baxımından kritik parametr olduğunu vurğulayıblar.
Televizora baxmaq zehni baxımdan passiv fəaliyyət kimi qiymətləndirilərkən, masa arxasında işləmək planlaşdırma, oxuma, yazma və problem həlli kimi zehni prosesləri əhatə edir. Bu cür stimullaşdırıcı fəaliyyətlər beynin qocalmaya qarşı davamlılığını artıran koqnitiv ehtiyat yaratmağa kömək edir.
Araşdırmanın nəticələri müntəzəm idman edilsə belə, uzun müddət televizora baxmağın yaratdığı mənfi təsirlərin aradan qalxmadığını ortaya qoyub. Ekspertlər ekran qarşısında uzun müddət vaxt keçirənlərə beyin sağlamlığını qorumaq üçün tez-tez fasilə verməyi tövsiyə edirlər.
