Almanların 70 faizi ordunun ölkəni qoruya biləcəyinə inanmır



Almaniyada keçirilən sorğuya görə, əhalinin 70 faizi mümkün hücum zamanı ordunun ölkəni müdafiə edə biləcək gücdə olduğuna inanmır.

AFN.az xəbər verir ki, Berlin Ukrayna müharibəsindən sonra müdafiə xərclərini artırmağı planlaşdırarkən, hərbçilərin sayını da yüksəltmək niyyətindədir.

Almaniyada əhalinin böyük hissəsi ölkə ordusunun mümkün hücuma qarşı kifayət qədər güclü olmadığı qənaətindədir.

YouGov tərəfindən iyunun 17-dən iyulun 1-dək Almaniyada 2079 yetkin şəxsin iştirakı ilə keçirilən sorğuya görə, iştirakçıların 70 faizi Almaniya ordusunun ölkəni mümkün hücumdan qoruya biləcəyinə inanmır. Orduya güvəndiyini bildirənlərin nisbəti 21 faizdə qalıb, 8 faizlik hissə isə fikir bildirməyib.

Sorğunun əhatə etdiyi ölkələr arasında orduya etimadın ən aşağı olduğu ölkə Almaniya olub.

Sorğuda iştirak edən almanların 40 faizi ölkənin müdafiə büdcəsini yetərsiz hesab etdiyini bildirib. Lakin iştirakçıların 77 faizi artan müdafiə xərclərini qarşılamaq üçün vergilərin artırılmasına qarşı çıxıb.

İştirakçıların 62 faizi müdafiə büdcəsini artırmaq üçün dövlət xidmətlərində ixtisarların aparılmasını, 59 faizi isə hökumətin daha çox borclanmasını istəmədiyini bildirib.

Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra Almaniya müdafiə qabiliyyətini gücləndirmək istiqamətində işləri sürətləndirib.

Berlin hökuməti ötən il 86 milyard avro olan müdafiə xərclərini 2029-cu ildə 153 milyard avroya çatdırmağı planlaşdırır. Almaniya həmçinin 2035-ci ilə qədər daimi hərbi qulluqçuların sayını 184 mindən 260 minə çatdırmağı, ehtiyat qüvvələrin sayını isə 200 minə yüksəltməyi hədəfləyir.

Lakin hədəflərə çatmağın çətin ola biləcəyi bildirilir. 2011-ci ildə məcburi hərbi xidməti dayandıran Almaniyada bu tətbiqin yenidən qüvvəyə minməsi də müzakirə edilir.

Digər tərəfdən, xüsusilə gənclər arasında məcburi hərbi xidmətə qarşı etirazlar davam edir. Ölkədə bəzi gənclər bahalıq və işsizlik kimi problemlərə diqqət çəkərək yenidən hərbi xidmətə getmək istəmədiklərini bildirirlər.

Almaniyada müdafiə xərclərinin artırılması ilə bağlı müzakirələr bir tərəfdən Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik narahatlıqları, digər tərəfdən isə sosial xərclər və iqtisadi problemlər fonunda davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu