Almaniyada hərbi xidmətin modernləşdirilməsi müzakirə olunur
Almaniyada müdafiə naziri Boris Pistorius tərəfindən hazırlanmış “Hərbi Xidmətin Modernləşdirilməsi” adlı qanun layihəsi ölkədə geniş müzakirələrə səbəb olub.
Keçən həftə Federal Məclisdə müzakirəsinə başlanılan layihə ilə orduda hərbçi sayının əsasən könüllülük prinsipi əsasında artırılması hədəflənsə də koalisiya tərəfdaşları olan Sosial Demokrat Partiya (SPD) ilə Xristian İttifaq Partiyaları (CDU/CSU) arasında müəyyən fikir ayrılıqları davam edir.
Layihədə əsgərliyə çağırışda İsveç modelinin əsas götürüldüyü bildirilir. Bu modelə görə, 18 yaşına çatan bütün kişilər internet vasitəsilə dolduracaqları ilkin bəyannamə ilə hərbi xidmətə yararlı olub-olmadıqlarını bildirməyə borclu olacaqlar.
Qadınlar üçün hər hansı məcburiyyət nəzərdə tutulmasa da könüllü olduqları halda formu dolduraraq hərbi xidmətə qoşula biləcəklər.
Lakin CDU/CSU “Danimarka modeli” adlandırılan sistemdə olduğu kimi könüllülərin sayı kifayət etmədiyi halda püşkatma yolu ilə məcburi hərbi xidmətin tətbiqini istəyir. SPD isə məcburi püşkatma sisteminin həm hüquqi, həm də sosial baxımdan problemlər yarada biləcəyini əsas gətirərək bu təklifi dəstəkləmir.
Bu vəziyyət uzun illərdən sonra Almaniyada yenidən məcburi hərbi xidmət məsələsini gündəmə gətirib.
Müdafiə naziri Pistorius “Bild am Sonntag” qəzetinə açıqlamasında “Əgər bir yaş qrupundakı bütün kişiləri yenidən tibbi müayinədən keçirsək və hərbi xidmətə yararlı şəxslərin məlumatlarını toplasaq, bunu Rusiyada da görəcəklər. Başqa sözlə desək, bu da çəkindirici bir addımdır” deyib.
Pistorius bununla kimin hərbi xidmətə hazır olduğunu, kimin isə olmadığını müəyyənləşdirə biləcəklərini, bunun da çox vacib olduğunu vurğulayıb.
Nazir əlavə edib ki, hazırda parlamentdə müzakirə olunan layihə Almaniyanın təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır və onun 1 yanvar 2026-cı ildə qüvvəyə minməsi planlaşdırılır.
Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə o dövrün hökuməti tərəfindən dayandırılmışdı.
Lakin ölkədə müdafiə zərurəti yarandığı halda Konstitusiyaya əsasən 2011-ci ildə dayandırılmış məcburi hərbi xidmət dərhal yenidən qüvvəyə minə bilər.
Planlara görə, ölkədə əsgərlərin sayının 2035-ci ilə qədər 260 minə, ehtiyat qüvvələrin sayının isə 200 minə çatdırılması nəzərdə tutulur.



