Quraqlığın ciddi həddə çatdığı Fransada çayların 25 faizi quruyub



Fransanın ictimai tədqiqat müəssisəsi quraqlığın qeyri-adi həddə çatdığını və ölkə üzrə çayların 25 faizinin quruduğunu bəyan edib.

 AFN.az xəbər verir ki, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) rəsmisi Anyes Düşarn "France Inter" kanalına müsahibəsində bütün göstəricilərin Fransada anomaliya təşkil edən bir quraqlığın yaşandığına dəlalət etdiyini deyib. Ölkədəki çayların 25 faizinin quruduğunu diqqətə çatdıran Düşarn hava şəraiti nəzərə alındıqda vəziyyətin daha da pisləşəcəyi ilə bağlı qiymətləndirmə aparıb.

Ölkənin şimal-şərqində yerləşən Mörte və Mozel vilayətində quraqlıq həyəcanı 4 pilləli xəbərdarlıq sistemində 3-cü səviyyəyə qaldırılıb. Bu həyəcan səviyyəsi vilayət miqyasında su istifadəsinə mühüm məhdudiyyətlərin tətbiq olunmasını nəzərdə tutur. Mörte və Mozel Valiliyi regionda 2022-ci ildən bəri ən ağır quraqlıq səviyyəsinin müşahidə olunduğunu və hazırda rekord sayda su axarının quruduğunu xəbər verib.

"Meteo-France" meteorologiya xidmətinin ölçmələrinə əsasən, iyul ayının əvvəlində torpağın rütubət nisbəti ilin bu dövrü üçün rekord dərəcədə aşağı səviyyəyə düşüb. Eyni zamanda ölkə üzrə fermerlərə qənaət xəbərdarlığı edilərək mövcud yem ehtiyatlarından ehtiyatla istifadə olunması çağırışı edilib.

Fransanın Ekoloji Keçid naziri Monik Barbu iyulun 15-də verdiyi bəyanatda ölkənin fövqəladə və son dərəcə narahatlıq doğuran bir quraqlıq dövründən keçdiyini vurğulayaraq 99 regionda su istifadəsinə qismən və ya tam məhdudiyyətlərin tətbiq edildiyini açıqlamışdı. Qeyd edək ki, Fransada may ayından bu yana 3 ayrı istilər dalğası qeydə alınıb və orta hesabla 22,7 dərəcə temperaturla ölkə tarixinin ən isti iyun ayı yaşanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu