Niderlandda su qıtlığı elan edilib
Niderland hökuməti uzun müddətdir təsirini göstərən quraqlıq, yüksək temperatur və ölkədəki Reyn və Maas çaylarında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən faktiki su qıtlığı elan edib.
AFN.az xəbər verir ki, hökumətdən verilən açıqlamada ölkənin su idarəçiliyində "səviyyə 2" olaraq adlandırılan faktiki su qıtlığı rejiminə keçildiyi bildirilib.
Quraqlığın uzun müddətdir davam etməsi, yüksək temperatur və Reyn ilə Maas çaylarında suyun səviyyəsinin iyul ayı üçün qeyri-adi dərəcədə aşağı düşməsi ilə əlaqədar ölkədə faktiki su qıtlığı elan edildiyi vurğulanan açıqlamada su ehtiyatlarının daha ciddi şəkildə idarə olunacağı qeyd edilib.
Bəyanatda mövcud vəziyyətin içməli su təminatına təsir göstərmədiyi diqqətə çatdırılaraq, vətəndaşlara ehtiyac olmadığı təqdirdə artıq su istifadəsindən çəkinmək tövsiyə olunub.
Yağıntıların qeyri-kafi olması və isti hava dalğasının təsirini davam etdirməsi səbəbindən quraqlığın hələ bir müddət də davam edə biləcəyinə işarə edilib.
Bu arada Niderlandın şərqində yerləşən Neymeqen şəhərindəki çay və su kanallarında suyun səviyyəsinin kritik həddə qədər düşdüyü müşahidə olunub.



