ABŞ-da yemək festivalına edilən silahlı hücumda 2 nəfər ölüb, 5 nəfər yaralanıb
ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində keçirilən yemək festivalına edilən silahlı hücum nəticəsində 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.
AFN.az xəbər verir ki, Sietl şəhərindəki müşahidə qülləsi Space Needle yaxınlığında keçirilən “Bite of Seattle” yemək festivalında yerli vaxtla saat 18:00 radələrində silahlı hücum baş verib.
Sietl Yanğınsöndürmə Departamentinin sözçüsü Qreys Nunes 2 nəfərin hadisə yerində həyatını itirdiyini, biri ağır olmaqla yaralanan 5 nəfərin Harborview Tibb Mərkəzinə çatdırıldığını bildirib.
Xəstəxananın sözçüsü Syuzan Qreq də qol, qarın və ayaq nahiyələrindən yaralanan şəxslərin müalicəsinə başlanıldığını qeyd edib.
Məlumat daxil olduqdan sonra əraziyə çox sayda polis və ilkin tibbi yardım qrupu göndərilib, tədbir ətrafındakı ərazi boşaldılıb.
Şübhəlinin saxlanılıb-saxlanılmadığı məlum deyil.
Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson açıqlamasında ştat patrulunun xüsusi əməliyyat qruplarının yerli polisə dəstək olmaq məqsədilə əraziyə göndərildiyini bildirib.
Ferqyuson “Dualarım qurbanların ailələri və insanların təhlükəsizliyini təmin etmək üçün çalışan əməkdaşlarla birlikdədir” ifadəsini işlədib.
İlk dəfə 1982-ci ildə keçirilən və 3 gün davam edən ənənəvi yemək festivalına hər il təxminən 350 min nəfərin qatıldığı bildirilir.

