Biz jurnalistlərlə konfliktin tərəfdarı deyilik- "Baku Medical Plaza"nın marketinq direktoru




Azərbaycanda özəl klinika deyiləndə ilk yada düşən tibb mərkəzlərindən biri "Baku Medical Plaza"dır. AFN-in adıçəkilən xəstəxananın Marketinq departamentinin müdiri Aysel Rzayeva ilə müsahibəsində media ilə münasibətləri müzakirə edilib. Maraqlıdır ki, bir çox klinikalardan fərqli olaraq "Baku Medical Plaza"nın Marketinq departamenti də, elə rəhbərliyi də mediaya daha açıq olsa da, Aysel xanım həmkarlarımız yazı hazırlayarkən qarşı tərəfin mövqeyinə o qədər də əhəmiyyət vermədiyini dedi:

- Aysel xanım, neçə müddətdir "Baku Medical Plaza"da çalışırsız? Burda əsas işiniz nədən ibarətdir?

- Mən artıq 4 ildir ki, "Baku Medical Plaza" klinikalar şəbəkəsinin marketinq departamentinin müdiri olaraq fəaliyyət göstərirəm. Media və ictimaiyyətlə əlaqələrə cavabdeh şəxs kimi, hesab edirəm ki, kifayət qədər məsuliyyətli işin altına girmişəm. Əsas işim isə mətbuatla əlaqələrə nəzarətdir.

- Media ilə əlaqələri necə qurursuz? Sizə daha çox hansı növ media orqanından müraciət daxil olur-qəzet, sayt, yoxsa TV və radiolardan?

- Daha çox saytlardan müraciətlər daxil olur. Bu və digər məlumatları dəqiqləşdirmək, bəzən şəxsi xahişlər məqsədilə müraciət edirlər. Çalışırıq ki, sualları dostcasına cavablandıraq, lazım olan məsləhətləri verək.

- Son vaxtlar kifayət qədər kənar şəxslər jurnalist kimi fəaliyyətə başlayıb, "reketlik" edənlərin sayı çoxdur, sizə rast gəlibmi belələri? Necə davranırsız onlarla?

- Bəli, təəssüf ki, belə hallarla son zamanlar tez-tez qarşılaşıram. Həqiqətə uyğun olmayan, insanlarda səhv fikir formalaşdıracaq, klinikanın nüfuzuna əsassız yerə zərər gətirəcək yazılar mətbuatda yayılır.
"Baku Medical Plaza" müasir tibbi avadalıqlarla tam təchiz olunmuş və bu avadanlıqlarla işləməyi bacaran yüksək peşəkarların çalışdığı böyük klinikadır. Klinikamızın reanimasiya şöbəsi vəziyyəti son dərəcə kritik olan, digər özəl klinikaların imtina etdiyi hallarda belə həmin xəstələri qəbul edir və bəzi hallarda təbii ki, xoşagəlməz nəticələr də baş verir. Bəzi xəstələr digər klinkalarda müdaxilələr edildikdən sonra çox ağır vəziyyətdə xəstəxanamıza gətirilərkən həyatlarını xilas etmək mümkün olmur. Jurnaslistlər belə hadisələri peşəkarcasına araşdırmaq əvəzinə bizim mövqeyimizi öyrənmədən və həqiqəti araşdırmadan müxtəlif tip sensasion başlıqlarla oxucu diqqətini çəkmək üçün xəbərlər dərc edirlər. Son zamanlar haqqımızda yayılan belə xəbərlərdən biri də 26 yaşlı gənc xanım Gülyaz Hacıyevanın keçirdiyi burun əməliyyatından sonra vəfat etməsi ilə bağlı məlumatdır. Əvvəlcədən mediaya da açıqladığımız kimi, o xəstənin burun əməliyyatı başqa tibb müəssisəsində olunmuşdu. Xəstə vəziyyəti ağırlaşdıqdan sonra ailənin istəyi ilə koma vəziyyətində klinikamıza köçürülmüşdü.
Son günlər mənə nadir hallarda rast gəlinən HELLP sindromundan əziyət çəkmiş Əliyeva Rumiyə adlı pasientin dünyasını dəyişməsi ilə əlaqədar zənglər gəlir. Bu haqda da onu bildirmək istəyirəm ki, HELLP sindromu hamilələrin 1 faizindən azında rast gəlinən çox nadir, böyük həyati təhlükə daşıyan ciddi bir xəstəlikdir. Xəstəliyin etiologiyası tam izah edilməsə də, hesab edilir ki, plasenta damarlarının endoteli qanın laxtalanmasına səbəb olur. Bu cür massiv laxtalanma trombositlərin sayının kəskin azalmasına gətirib çıxarır. Bu zaman həddindən çox fibrinin yaranması qaraciyəri zədələmiş olur. Təəssüf ki, HELLP sindromunun hamiləliyin ilk mərhələsində aşkarlanması mümkün deyil və belə xəstələr ölümə məhkumdurlar. R.Əliyevanın hamiləlik təqibi başqa tibb müəssisəsində aparılmış, hamiləliyin son mərhələsində keçirmiş olduğu cüzi yol nəqliyyat hadisəsi nəticəsində keçirdiyi ciddi stressdən sonra vəziyyəti pisləşmiş, klinikamıza müraciət etmiş, təcili qeysəriyyə əməliyyatı ilə övladı sağlam dünyaya gəlmişdir. Özünün sağlıq durumu isə HELLP sindromuna bağı ağır olaraq qalmış, həkimlərimizin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır.



- Haqqınızda neqativ, böhtan xarakterli yazılar yazılanda hansı tədbirlərə əl atırsız? Bu sualımızın cavabı bizim üçün ona görə maraqlıdır ki, mətbuatla əlaqələrə məsul şəxslər belə durumlarda hüquqlarını bilirlərmi?

- Son illərdə dövlətimiz tərəfindən mediaya xüsusi diqqət ayrılır. Jurnalistlərə daha çox qayğı və hörmət göstərilir. Belə bir dövrdə jurnalistlərin də işlərinə peşəkar yanaşmalarını istəyərdim. Lakin təəssüf ki, bəzən belə olmur. Biz jurnalistlərlə konfliktin tərəfdarı deyilik. Çox istərdim ki, bu müsahibəni oxuyan jurnalistlər "Baku Medical Plaza" ilə bağlı hər hansı bir məlumat aldıqda mənimlə əlaqə yaradaraq məsələni araşdırsınlar. Bunun üçün mən hətta saytınız vasitəsilə nömrəmi də yayımlayıram: 0552250029. Bu artıq mənim tərəfimdən bir jestdir və ümud edirəm ki, jurnalistlər isti yanaşacaqlar. Birtərəfli yazılan yazılarla bağlı biz tədbirlər görməyə məcbur oluruq. Çünki xəbərə sonradan aydınlıq gətirilsə də, mövqeyimizi təqdim etsək də, əvvəl dərc edilmiş xəbər artıq bizim işgüzar nüfuzumuza müəyyən mənada xələl yetirmiş olur. Bəzən bizim mövqeyimizi verməyən media orqanları olur ki, artıq onlarla bağlı növbəti hüquqi addım atmaq məcbutiyyətində qalırıq. Lakin qətiyyən belə halların olmasının tərəfdarı deyilik, biz media ilə əlaqələrimizin yaxşı olmasının tərəfdarıyıq və istərdim ki, bu xoş məram onlarda da olsun, uzatdığımız əli dostcasına sıxsınlar.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu