"Baku Medical Plaza" qazi övladının ölümü ilə bağlı açıqlama yaydı


Vətən müharibəsi iştirakçısının övladı Abbas Cəfərovun nəşinin “Baku Medical Plaza” tərəfindən borc müqabilində girov saxlanması ilə bağlı deyilənlər tamamilə yalan və qərəzlidir.



Bu barədə “Baku Medical Plaza”dan AFN-ə daxil olan məlumatda bildirilir. Tibb müəssisəsindən bildirilir ki, A.Cəfərov aplastik anemiya diaqnozu ilə uzun müddət Hemotologiya İnstitutunda müalicə alıb və uşağın yaşama şansı olmadığı bildirildikdən sonra institutun rəhbərliyinin və valideynlərinin də iştirakı ilə keçirilən görüşdə razılığa gəlinib ki, A.Cəfərov “Baku Medical Plaza”ya köçürülsün: "Valideynlərin diqqətinə çatdırılıb ki, bu halda uşağın reanimasion xərcləri bahalı dərman preparatlarından istifadə ediləcəyi üçün çox ola bilər. Qarşılıqlı razılaşma və müəyyən yardım fondları tərəfindən kömək ediləcəyi nəzərə alınaraq valideynlərin təkidi ilə uşaq klinikamıza köçürülüb. 4 gün ərzində klinikada müalicə aldığı müddətdə A.Cəfərovun valideynləri tərəfindən ödənilmiş 5 min manat vəsait xəstənin dərmanlarına və müayinələrinə xərclənib. Həkim və tibbi personal, həmçinin faktura üzrə müəyyənləşən klinika məsrəfləri xəstə yaxınlarından götürülməyib. Uşaq rəhmətə gedəndən sonra hər hansı bir girov saxlama və borca görə narazılıq olmayıb. Bunu xəstənin valideynləri və digər yaxınları təsdiqləyirlər".
“Baku Medical Plaza”dan həmçinin bildirilib ki, reportyor.info saytı hadisəni təqdim edərək, guya A.Cəfərovun 3 günlük müalicəsi müddətində klinikaya 32 min manat ödəndiyi, 900 manat borca görə isə uşağın nəşinin klinika tərəfindən girov saxlandığını bildirib: "A.Cəfərovun əmisinin tələbi ilə həmin sayt artıq bu məlumatı silib. Lakin bir neçə səhifədə göstərilən məlumat qalmaqdadır. Onlardan həmin yanlışın aradan qaldırılması xahiş olunur. Əks təqdirdə bununla əlaqədar tərəfimizdən hüquqi müstəvidə tədbir görüləcəkdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu