Daşınmaz əmlakın qeydiyyatında tətbiq edilən yeniliklər maraq oyadır




Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələrində olduğu kimi, daşınmaz əmlakın qeydiyyatı sahəsində də innovativ addımlar vətəndaş məmnunluğuna ünvanlanıb. Qeydiyyat xidmətləri əhaliyə daha da yaxınlaşır, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində elektron mühitin sferası genişlənir.

Mühüm yeniliklərdən biri, vətəndaşların qeydiyyat prosedurlarını sadələşdirən elektron çıxarışın tətbiqi oldu. Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən çıxarışların elektron şəkildə verilməsi prosesi həyata keçirilir. Elektron çıxarışlar Elektron Hökumət portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır. Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır. Elektron çıxarış sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi riskləri aradan qalxır. Qeyd edilməlidir ki, hazırda respublika üzrə orta hesabla gün ərzində 1030-a yaxın, o cümlədən Bakı şəhəri üzrə isə 330-a yaxın elektron çıxarış hüquq sahiblərinə təqdim edilir.

Bu sahədə prosedurların sadələşməsi, optimallığın artırılması nəticəsində çıxarışlar hətta 1 iş günü ərazində də verilir.

Eyni zamanda, ölkə başçısının imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı da vətəndaş məmnunluğuna, onların sadə yollarla mülkiyyətini qeydiyyata almasına, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik olmuşdur. Hazırda fərmanın icrası ilə bağlı işlər aparılır. Bu fərmana əsasən artıq 300-ə yaxın vətəndaşa mənzil üzərində çıxarışlar təqdim edilmişdir.

Ümumiyyətlə, qeyd edilməlidir ki, bu sahədə tətbiq edilən yeniliklər, xidmətlərin modernləşdirilməsi əmlakların qeydiyyatının artmasına gətirib çıxarmışdır. 2019-cu ilin yanvar-aprel ayları ərzində ölkə üzrə 72.4 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 19.7 minə yaxını (27.2 faizi) ilkin, 52.7 minə yaxını isə (72.8 faizi) isə təkrar qeydiyyata aid olmuşdur. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 13.4 mini fərdi yaşayış və bağ evi, 20 minə yaxını mənzil, 36.5 mini torpaq sahəsi, 1500-ə yaxını qeyri-yaşayış binası, 1800-ə yaxını qeyri-yaşayış sahəsi, 400-ə yaxını isə əmlak kompleksi, çoxmərtəbəli yaşayış binası və çoxillik əkmələr təşkil edib.

Cari ilin yanvar-aprel aylarında 62.5 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilmişdir. Bu müddətdə 15 minə yaxın ipoteka müqaviləsi, 1117 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Həmçinin, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 minə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 35 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

Bu il istifadəyə verilən Əmlak Xidmətləri Məkanında isə artıq 70 minə yaxın vətəndaş müraciəti qəbul edilib.

Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı zamanı xidmət haqqı və dövlət rüsumunun elektron qaydada, heç bir qeydiyyatdan keçmədən real vaxt rejimində öyrənməsinə imkan verən “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan ümumilikdə 30.5 mindən çox vətəndaş istifadə edib.

Vətəndaşlara ünvanlarında qeydiyyat xidmətləri göstərən “Əmlakını qeydiyyat al və mülkiyyətinə sahib ol” kampaniyası da əhatə dairəsini genişləndirməkdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu