“Əsrin müqaviləsi” Azərbaycana nə verdi?- RƏYLƏR




“Əsrin müqaviləsi” gözləntiləri tam doğrultmadı”.



Bunu AFN-ə açıqlamasında “Əsrin müqaviləsi”nin 25 illiyini şərh edərkən iqtisadçı ekspert Nazim Bəydəmirli deyib.



Onun sözlərinə görə, nə keçmiş sovet ölkələrində, nə də yenicə müstəqillik qazanmış Azərbaycanda dənizin aşağı laylarından neft hasil etmək üçün texniki imkan yox idi: “Bu, yalnız BP, “Total” kimi transmilli şirkətlərin sayəsində mümkün idi. Hətta bu gün Rusiyada da aşağı laylardan beynəlxalq şirkətlərin köməyi ilə neft çıxarılır. Bildiyiniz kimi, 1994-cü il sentyabrın 20-də 10-dan çox beynəlxalq neft şirkəti ilə müqavilə imzalandı. Bu sənədin müsbət tərəflərindən biri budur ki, həmin transmilli şirkətlər və onların təmsil etdiyi ölkələr Azərbaycanla praktiki cəhətdən iqtisadi tərəfdaş oldu.
Bununla da 1999-cu ildən başlayaraq, həm ölkəmiz böyük pullar qazandı, həm də beynəlxalq siyasətdə Azərbaycana qarşı münasibət az da olsa stabilləşdi. Bu müddət ərzində təxminən 500 milyon tondan çox neft hasil oldu. Nəticədə Azərbaycan Dövlət Neft Fondunun büdcəsinə 150 milyad dollara yaxın böyük vəsait daxil oldu. Neftdən böyük gəlir əldə edilsə də, ölkədə rəqabətli iqtisadiyyat qurulmayıb. Regionların balanslı iqtisadi inkişafı təmin olunmadığı üçün əhali paytaxta axışır. Azərbaycan iqtisadi göstəricilərə görə (pensiya, ortaq əmək haqqı) neft ölkəsi olmayan Ermənistan və Gürcüstandan geri qalır. Neft məhsullarınn bir çoxunu idxal edirik. Nəticə olaraq, bu gün Azərbaycan xalqının rifahı arzuolunan həddə deyil”.



İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, “Əsrin müqaviləsi”ndən böyük neft gəliri əldə edilsə də, ölkədə keyfiyyət dəyişikliyi baş verməyib: “Son 18 ildə Azərbaycan Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft hasilatından və satışından 143,37 mlrd. dollar, ABƏŞ (Bp) və SOCAR tərəfindən vergilər şəklində isə on milyardlarla vəsait daxil olub. Toplam 200 mlrd. dollardan çox puldan söhbət gedir. Bu qədər vəsaitə baxmayaraq, Azərbaycanda keyfiyyət dəyişikliyi baş vermədi. Həyata keçirilən layihələr korrupsiya mərəzinə tutuldu, ayrılan vəsaitlərin böyük bir qismi məmurlar tərəfindən həzm olundu. Sonra həmin vəsaitlərin bir hissəsi iqtisadiyyata məmur biznesi kimi daxil edildi, ölkədə rəqabəti, ədaləti məhv etdi. Hər bir orta-iri korrupsioner məmur (öz biznesindən başqa, burada yaradlan iş yerləri ayrı mövzudur) onlarla qeyri-leqal iş yeri açdı, onlarla vətəndaşı ələbaxımlı haqqları olmayan işçiyə çevirib. Sürücülər, bağbanlar, dayələr, aşbazlar, massajistlər, makiyaj ustaları, repititorlar, cangüdənlər hamısı korrupsiya pulu hesabına dolanmağa başladılar. Hələ bu mənbədən dolanan məşuqələri demirəm”.

N.Cəfərli qeyd edib ki, neft pullarının hesabına təhsil sahəsində müəyyən işlər görülsə də, nəticə etibarı ilə keyfiyyət əldə edilməyib: “4000-dən çox məktəb tikildi, təmir olundu, yeni avadanlıqlarla təhciz edildi. Lakin bu illər ərzində ali məktəblərə keçid balı 3 dəfəyə yaxın aşağı düşdü. Yəni kəmiyyət dəyişikliyi keyfiyyətə keçid etmədi. Eyni vəziyyət səhiyyə sahəsində də mövcuddur”.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu