Çox və az bal toplayan tələbələr bir yerdə oxumamalıdır - AÇIQLAMA
“Dövlət sifarişi əsasında və ödənişli təhsil forması üzrə yerlərə qəbul olan abituriyentlərin bal göstəriciləri arasındakı fərq nəzərə alınaraq, ödənişli təhsil alanlar üçün ali məktəblər tədris proqramında dəyişiklik aparmalı, onları bir qədər genişləndirilmiş proqram əsasında hazırlamalıdırlar”. Bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) 2018-2019-cu tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilində yer alıb.
Açıqlamada göstərilib ki, ali məktəbə qəbul zamanı aşağı nəticə göstərənlər sonradan birinci kursun tədris proqramını mənimsəməkdə çətinlik çəkirlər: "Ona görə özəl ali təhsil müəssisələrin birinci kurs tələbələri üçün genişləndirilmiş tədris proqramları hazırlamalı və həmin proqramların tədrisin intensivləşdirilməsi hesabına həyata keçirməlidirlər. Eyni zamanda, dövlət sifarişi əsasında və ödənişli təhsil forması üzrə olan yerlərə qəbul olan abituriyentlərin bal göstəriciləri arasındakı fərq nəzərə alınaraq, ödənişli təhsil forması üzrə qəbul olanların təhsil üçün ödədiyi vəsaitin bir hissəsi onların müasir təhsil standartları səviyyəsində hazırlığına yönəldilməlidir".
Ali məktəblərə qəbul zamanı nəticəsi fərqli olanların tədrisini necə təşkil etmək olar?
Mövzu ilə bağlı Lent.az -a açıqlama verən təhsil eksperti Kamran Əsədov bir sıra məqamlara toxunub.
2017-2018-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin sadəcə 36,3 faizinin təqaüd aldığını deyən ekspert 2000-ci ildə bu göstəricinin 45 faiz olduğunu qeyd edib: “2015-2016-cı tədris ilində isə təqaüd alanlar 37,3 faiz təşkil edib. 2000-2001-ci tədris ilində ali məktəblərdə təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib. 2018-2019-cu tədris ili üzrə ali məktəblər üçün 45 159 yer ayrılmışdı və onun 13 mini dövlət sifarişli ixtisaslar, 22 mini ödənişli ixtisaslar idi. Hazırda 47 min plan yerinin 21 mini dövlət sifarişlidirsə, 2020-ci ildə dövlət sifarişli yerlərin sayı 25 min olacaq”.
K.Əsədov bildirib ki, rəqəmlərdən də göründüyü kimi, istər ödənişli əsaslarla, istərsə də pulsuz oxuyanlar eyni ixtisasa qəbul olub eyni qrupda təhsil alsalar da, onlara aid olan tədris proqramında heç bir fərq yoxdur: “Qəbul imtahanında həm 600, həm də 200 bal toplayan eyni ixtisasa, qrupa qəbul olub təhsil ala bilər, amma onlar üçün tədrisdə heç bir fərq qoyulmur. Bu əmək bazarının tələbinə cavab verəcək kadr hazırlığı üçün ciddi fəsaddır. Çünki az bal toplayanların bilik və bacarıqları yüksək bal toplayanlarla müqayisədə aşağı olduğu üçün onun proqramı mənimsəməsi çətin olur. Ona görə də hesab edirəm ki, tələbələr qəbul olduqdan sonra bal intervalına görə qruplaşdırıla və onların hər birinə fərqli tədris proqramı tətbiq edilə bilər”.
Ekspertin fikrincə, 600 və daha çox bal toplayan, 500-600 arası bal toplayan, 400-500 arası bal toplayan, 300-400 arası bal toplayanlar bir qrupda ola və onlara uyğun tədris proqramı hazırlana bilər”.
Belə bir təcrübənin dünyada mövcud olduğunu xatırladan ekspert tələbənin təhsil haqqını adambaşına xərclərinin ödənilməsi üçün verdiyini xatırladıb: “Bir tələbənin ödədiyi təhsil haqqı onun üçün hesablanmış xərclərin cəmidir. Ona görə tədrisin ayrı aparılması universiteti əlavə xərcə salmaz. Universitetlər daha çox gəlir əldə etmək üçün bunu etmirlər”.