Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə məşvərət şurasının iclası keçirilir




Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclası öz işinə başlayıb. Həmin dövlətlərin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi iclasda məqsəd üzv dövlətlərdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində görülən işlərin, dövlətlərarası əməkdaşlıq və gələcək fəaliyyətin istiqamətləri, əhaliyə sosial xidmətlərin göstərilməsi ilə bağlı müzakirələrin, məlumat və təcrübə mübadilələrinin aparılmasıdır.



Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, qəhrəman Vətən övladlarının xatirəsi anılıb.

Məşvərət Şurasının Əsasnaməsinə uyğun olaraq Şuraya sədrlik ev sahibliyi edən tərəfin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, həmsədrlik isə əvvəlki iclasa sədrlik edən və gələcək iclasın sədri olacaq nazirlər tərəfindən həyata keçirilir.

İclasın açılışında qonaqları salamlayan, Şuranın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda sosial sahədə inqilabi islahatların baş verdiyi bir ildə ölkəmizin belə br mötəbər tədbirin məkanı kimi seçildiyini məmnuniyyətlə qeyd edib. Nazir MDB ölkələri arasında məşğulluq, əmək, miqrasiya və sosial müdafiə kimi getdikcə daha çox əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb. O, hazırkı iclasın gündəliyində dayanan məsələlərlə əlaqədar ötən dövrdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatları diqqətə çatdırıb.

Sahil Babayev bildirib ki, 2003-cü illə müqayisədə Azərbaycanın ÜDM-i 3,4 dəfədən, orta əmək haqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artıb, 2,2 milyondan çox yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi 5%-ə düşüb. Cari il ərzində minimum əmək haqqının 93%, minimum pensiyanın 72%, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artırılması, 2 yeni növ təqaüdün təsis edilməsi və s. kimi tədbirlər 4 milyon 200 mindən çox vətəndaşın rifahına əhəmiyyətli sosial dəstək verdi.

Nazir Prezident İlham Əliyevin fərmanları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə nazirliyin tərkibində DOST Agentliyi yaradıldığını vurğulayıb. O bildirib ki, yeniliyi ilə unikal olan DOST layihəsi vahid elektron platformada 132-dən çox sosial xidmətin göstərilməsində tam şəffaflıq, çeviklik, operativlik və rahatlığı təmin edir. 9 may 2019-cu ildə ilk DOST Mərkəzinin açılışı olub. 5 ayda müraciət edənlərin sayı 40 mindən çox olub, sorğular nəticəsində isə DOST xidmətlərinin keyfiyyətindən tam məmnunluq səviyyəsinin 93%-i keçdiyi müəyyən edilib. Bu ilin sonuna qədər daha iki DOST mərkəzinin açılması, 2025-ci ildə isə ölkədə onların sayının 31-ə çatdırılması planlaşdırılır.

Sahil Babayev ölkəmizdə 2018-ci ilin sonlarında istifadəyə verilən, 16 altsistemi, 2 reyestri birləşdirən vahid “e-sosial” portalı barədə məlumat verib. Qeyd edib ki, portal vasitəsilə vətəndaşlar əmək, məşğulluq, əlillik, sosial müdafiə və sosial təminatla bağlı özləri haqqında tam məlumat əldə edə, habelə nazirlik tərəfindən təqdim olunan 100-dən çox xidmət növündən yararlana bilərlər. “Məşğulluq” altsistemi isə işsiz və iş axtaran vətəndaşların, həmçinin işəgötürənlərin, məşğulluq xidmətlərinin elektron platformada təmin olunmasına imkan verir. İşə qəbul olunanların, habelə işsiz və iş axtaranların qeydiyyatı, avtomatlaşdırılmış iş bankı və Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən bütün elektron xidmətlər bu altsistemdə əhatə olunur. Oktyabr ayının sonunda Məşğulluq alt sistemi tam istifadəyə veriləcək.

“Pensiyaçının dostu” proqramı barədə məlumat verən nazir 1 yanvar 2019-cu ildə ölkədə ilk elektron pensiya təyinatı başlanıldığını və bu günə qədər 14 mindən çox insana e-qaydada pensiya təyin edildiyini deyib. Vurğulayıb ki, nazirliyin elektron informasiya sistemləri aparıcı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bellə ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına, sosial yardım (VEMTAS) və əlilliyin qiymətləndirilməsi (TSERAS) üzrə e-sistemlər isə Beynəlxalq Sosial Təminat Assosiasiyasının ən yaxşı təcrübələr kimi xüsusi mükafatlara layiq görülüb.

Sahil Babayev Azərbaycanın yeni Məşğulluq Strategiyası, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, həmçinin ölkəmizdə icra olunan və artıq 38 min işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlərə cəlb olunduğu “İşsizin dostu” proqramı barədə məlumat verib. Bildirib ki, Azərbaycanda icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6 dəfədən çox artıb, 2019-cu ildə isə bu proqram əsasında 10 min kiçik ev təsərrüfatı və kiçik müəssisə yaradılması nəzərdə tutulub.

Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirləri qeyd edən nazir bildirib ki, görülən tədbirlər nəticəsində 1 oktyabr 2019-cu il tarixinə özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5%, bu sektorda əmək haqqı fondu isə 33,4% artıb.

Nazir ötən müddətdə MDB Məşvərət Şurası çərçivəsində çox işlər görüldüyünü deyib. Bildirib ki, bununla belə, sazişlərin əksəriyyətinin qəbulundan xeyli müddət keçib, xarici şərtlər, sosial-iqtisadi vəziyyət və ən əsası MDB dövlətlərinin hər birinin normativ bazası dəyişib. Buna görə də, ödəniş və əməyin mühafizəsi, işçi qüvvəsinin yerdəyişməsi və keyfiyyətinin artırılması, inklüziv məşğulluq, pensiya və müavinət sisteminin təkmilləşdirilməsi, digər müvafiq mövzularda əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məsələlərini nəzərdən keçirmək lazımdır.

Sahil Babayev bu görüşün MDB ölkələrinin sosial rifahının artması naminə Məşvərət Şurasının inkişafına yeni təkan verəcəynə əminliyini bildirib.

İclasın açılışında həmçinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin Regional məsələlər komitəsinin və MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə Daimi komissiyasının sədri Arif Rəhimzadə, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli, Belarus Respublikasının Əmək və Sosial Müdafiəsi nazirinin birinci müavini Loboviç Andrey Valentinoviç çıxış ediblər. İclas gündəlikdəki məsələlər üzrə müzakirələrlə davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu