Hər dəfə belə problemlərlə qarşılaşmaq cəmiyyətdə ciddi qıcıq yaradır - iqtisadçı


"Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 190 manat birdəfəlik yardımın verilməsində hansısa bir addım atılırsa, bu, qaydaların kobud sürətdə pozulmasıdır. Eyni zamanda Nazirlər Kabinetinin qərarının pozulmasıdır”.



Bunu iqtisadçı ekspert Natiq Cəfərli 190 manat birdəfəlik yardım alan işsiz kimi qeydiyyatda olan şəxslərin bu statusdan müvəqqəti adla məhrum edilməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Natiq Cəfərli bildirib ki, Baş nazirin imzaladığı qərarda 190 manat birdəfəlik yardım mart-aprel aylarında təsdiqlənmiş, siyahıya alınmış eyni vətəndaşlara verilməsi nəzərdə tutulur: "Yeni qeydiyyatın aparılması nəzərdə tutulmayıb. Əgər Əmək və Əhalinin Sosial Təminat Nazirliyi kimisə həmin siyahıdan çıxaracaqsa, bu qeyri-qanunidir. Əslində 600 min vətəndaşa birdəfəlik yardımın verilməsi çox qeyri-peşəkarcasına hazırlanmışdı. Çünki əvvəlcədən bir sədd qoyuldu. Hökümət heç cürə hesablaya bilməzdi ki, ölkədə nə qədər işsiz var. Yəni, ona görə əvvəlcədən 600 min səddinin qoyulması sonradan 600 mindən sonra haqq edən, doğrudan da ehtiyacı olan insanların qeydiyyatı, ümumiyyətlə, dayandırıldı. Bu, doğru deyildi. Ola bilərdi ki, bu rəqəm 700 min və daha çox olsun. Əvvəlcədən sədd qoymaqla bu insanların haqqını tapdaladılar. Onların tam hüququ çatırdı həmin yardımı almağa. Bu, birinci böyük səhv idi. İndiki qərarda isə açıq-aşkar yazılıb ki, 190 manat birdəfəlik yardım ilk qeydiyyatdan keçmiş şəxslərə şamil olunacaq”.

Ekspert hesab edir ki, əgər nazirlik kimlərinsə iş tapdığını bəhanə edib yenidən qeydiyyat aparmaq istəyirsə, o zaman sədd məhdudiyyətini götürməli və yenidən müraciət olunmalıdır:

"Bu aylar ərzində kimlərin ehtiyacı var, kimlər işsiz qalıbsa onlar yenidən müraciət etməlidir. Amma son qərarda belə bir şey deyilmədi. Deməli, mart-aprel aylarında siyahıya alınan məlumatlara əsasən 190 manat verilməlidir”.

Natiq Cəfərli qeyd edib ki, mart-aprel ayından sonra işsiz qalan vətəndaşların sayı daha da artıb:

"İkinci məsələ ondan ibarətdir ki, mart-aprel aylarında qeydiyyatdan keçmiş 600 min nəfər var. Onların hər birinə ödənişlər olunmalıdır. Amma aprel ayından sonra nə qədər insan işsiz qalıb. 6-7 ay keçib. Bu dövrdə karantin rejimi də davam edib, zaman-zaman qapanmalar, hərbi vəziyyət, komendat saatı da olub. Bütün bunların iqtisadiyyata ciddi təsirləri olub və bunun nəticəsində işsiz qalanların sayı da çoxalıb. Son dövrlərdə işsiz qalanlarla bağlı hansı qərar olacaq? Bu da havadan asılı qalan məsələdir. Düşünürəm ki, bu məsələdə nəsə vətəndaşların ciddi narazılığına səbəb olubsa və yenidən haqsız tələblər qoyulmağa başlayıbsa, məsələyə baxılmalı və Nazirlər Kabineti yenidən ictimaiyyətə açıqlama verməlidir. Ya da qərarın dəyişdirilməsi ilə bağlı öz tabeçiliyində olan nazirliklə, dövlət qurumlarına, Sosial Müdafiə Fonduna əlavə təlimatlar göndərməlidir ki, vətəndaşları incitməsinlər. Çünki çox ciddi problemdir. Vətəndaşların hər dəfə belə problemlərlə qarşılaşması cəmiyyətdə ciddi qıcıq yaradır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu