Hökumətin bu addımı yerli istehsalçıları deyil, monopolistləri qorumağa hesabalanıb – Nazim Bəydəmirli


Son günlər ölkədə un qıtlığının yaranması müşahidə edilir. Bəzi mənbələr isə dünya bazarında gedən proseslərdən dolayı qiymət bahalaşmağının qaçılmaz olması haqda fikirlər yaratmaqla diqqəti çəkirlər. Əslində nə baş verir? Azərbaycanda un qıtlığı varmı? Varsa səbəbi nədir?


Artıq 4 aydır dünya ərzaq bazarında qiymətlər ucuzlaşır. Arxada qoyduğumuz iyul ayında bu bazarda 2008-ci ildən bəri ən kəskin ucuzlaşma qeydə alınıb. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) hesablamalarına əsasən iyulda qlobal ərzaq qiymətləri iyunla müqayisədə 8,6 faiz azalmaqla 140,9 bəndə düşüb. Bu azalmanın əsas səbəbi taxıl məhsulları və bitki yağlarının kəskin, şəkər, süd məhsulları və ətin isə qismən ucuzlaşmasıdır.
Digər tərəfdən, FAO iyul hesabatında dünyada gözlənilən taxıl istehsalı proqnozunu artırıb. Təşkilatın iyul hesabatına əsasən 2022-2023-cü il mövsümündə dünyada iyunda proqnozlaşdırılandan 7 milyon ton artır – 2 milyard 792 milyon ton taxıl istehsal olunacaq. Bu, 2021-2022-ci il mövsümündən cüzi – 0,6 faiz azdır.
FAO-nun proqnozuna əsasən yemlik taxıl istehsalı iyundakı göstəricidən 6,4 milyon ton daha çox olmaqla 1 milyard 501 milyon tona çatacaq. Lakin bu məhsulun istehsalı keçən ilkindən 0,5 faiz az olacaq. 2022-2023-cü il mövsümündə qlobal taxıl istehlakı 9,2 milyon ton artırılmaqla 2 milyard 797 milyon tona çatacaq. Bu isə ötən ilkindən 1,7 milyon və ya 0,1 faiz azdır. 2023-cü ildə mövsümün sonuna qalacaq taxıl ehtiyatlarına dair proqnozunu da FAO 7,6 milyon ton artırmaqla 854 milyon tona çatdırıb. Bu, indiki həcmdən 0,6 faiz aşağıdır.
FAO-nun proqnozuna əsasən bu mövsümdə taxıl ticarətinin həcmi əvvəlki aydakı proqnozdan 4,8 milyon ton çox olmaqla 468 milyon ton təşkil edəcək.
Qeyd edək ki, Azərbaycan ərzaqlıq buğdanı iki ölkədən – Rusiya və Qazaxıstandan idxal edir. Hər iki ölkədə bu il iqlim şərtləri bol məhsul əldə olunmasın imkan verir. Qazaxıstanda əlverişli hava şərtləri 13,5 milyon ton buğda əldə olunmasına imkan verəcək. Ölkə rəsmiləri bu həcmin yığımın sonunadək(sentyabrın sonlarında) 15 faiz daha yüksək olacağını istisna etmirlər.
Rusiyada isə buğda istehsalının 83-84 milyon ton, ixrac imkanının 40 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır. Şimal qonşumuz iyulun 1-dən avqustun 8-dək 4,72 milyon ton taxıl ixrac edib ki, bu da ötən ilin eyni dövründəkindən 8 faiz azdır. Bununla bərabər, Rusiyadan taxıl idxal edən ölkələrin sayında da kəskin azalma var: 20-dən 12-yə düşüb. İxracatçı şirkətlərin sayı isə 34-dən 19-a düşüb.
Avqustun ilk həftəsində dünya bazarında buğda qiymətlərinin ciddi azalması qeydə alınıb. Fransa buğdası 2,8 faiz ucuzlaşmaqla tonu 352 dollara, Rusiya buğdası 5-5,5 faiz ucuzlaşmaqla 340 dollara düşüb. Beləliklə, Rusiya buğdası Avropa buğdası ilə müqayisədə 12 dollar ucuz qiymətə təklif olunur.
Payızda nəinki Azərbaycanda, heç qlobal bazarda da bahalaşma olmayacağını deməyə əsas verən daha bir amil Ukraynadan ixracın sürətlənməsidir: limanların 3-dən də hər gün çox sayda gəmilərlə ərzaq məhsullarının daşınması prosesi getdikcə sürətlənir. İndi daşınan keçən mövsümün məhsuludur, yeni məhsulun daşınmasına sentyabrda başlanması gözlənilir. Sentyabrda həmçinin əsas buğda istehsalçısı olan regionlarda – Avropada, Qazaxıstanda yığım başlanacaq. Bu isə o deməkdir ki, qlobal bazarda ərzaq məhsullarının ucuzlaşması da davam edəcək.
Azərbaycanda un və çörəyin bahalaşacağına dair əsası olmayan məlumatların hətta TV-lərdən tirajlanması ondan xəbər verir ki, işbazlar qiymət artımına getmək niyyətindədirlər.
İqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, son günlər mətbuatda gedən unun yoxa çıxması, müxtəlif toptansatış məntəqələrində unun olmaması, bahalaşması xəbərləri cəmiyyətdə haqlı olaraq narahatlıq yaradır: “Baxmayaraq ki, unun qiymətini bazar müəyyən etməlidir, amma çox təəssüf ki, İqtisadiyyat Nazirliyi yerli un istehsalçıları ilə birlikdə maksimum hədd müəyyən edib. Digər məhsulların qiymətində də ciddi artım olmasına baxmayaraq, həmişə nədənsə əsas müzakirələr un və çörəyin qiyməti ətrafında gedir. Bu, bazar iqtisadiyyatıdırsa, bunu bazar müəyyən etməlidir, dövlət orqanı niyə qarışır? Mən başa düşürəm, strateji ərzaqdır, hər kəsin gündəlik istifadə etdiyi məhsuldur, amma burada diktəedici münasibətdən çox, başqa tədbirlər görülməlidir.
Bolluq yaradılmasa, Azərbaycan özü özünü təmin etməsə, həmişə gedən qatarın arxasınca qaçmalı olacağıq. Bilirsiniz ki, Rusiya Federasiyası ötən ilin əvvəlindən buğdaya və digər taxıl növlərinə ixrac vergisi tətbiq edib. Eyni zamanda Azərbaycan hökumətinin də verdiyi statistik rəqəmlərə görə, ərzaq buğdası ilə təchizat əsas olaraq Rusiyanın hesabına həyata keçirilir. Bildiyiniz kimi, ötən ildən aksiz qalxdığına görə, elə ötən ilin may ayından bu ilin yanvarına kimi Nazirlər Kabinetinin qərarı ilə un istehsalçılarına subsidiyalar verilirdi. Bu subsidiyalar əslində mənimsənilirdi. Baxmayaraq ki, üçüncü sinif buğda gətirilməlidir, ölkəyə idxal olunan buğdanın dördüncü və beşinci sinif, yem üçün nəzərdə tutulan buğdalar olduğu sirr deyil. Bunu əksər ekspertlər, jurnalist araşdırmaları da sübut edir ki, keyfiyyətsiz məhsul istehsal edilir. Bunlar açıq faktlardır ki, Azərbaycan hökuməti təkzib edə bilməz: ölkədə un istehsalı monopolist şirkətlərin əlindədir. Bir neçə şirkətdir ki, həm ötən ildən bu ilin əvvəlinə qədər dövlətdən subsidiya alırdı, həm də keyfiyyətsiz un istehsal edirdilər. Onların təkidi ilə də guya daxili istehsalı qorumaq adı ilə idxal olunan una ƏDV tətbiq olunur. Çox təəssüf ki, biz nə qədər danışsaq, desək də, un idxalından ƏDV-ni götürmək lazımdır, vaxtında bizi eşitmədilər. Əsas istehlakçını düşünmək lazımdır ki, onlar daha keyfiyyətli, daha ucuz məhsul ala bilsinlər. Hansı məntiqlə, buğdanın hamısını Rusiyadan gətiririksə ona ƏDV tətbiq etmirik, amma qonşu ölkələrdən gətirilən una ƏDV tətbiq edirik?! Bu, məntiq deyil! Yerli istehsal burda yoxdur axı. Bir-iki müəssisənin xatirinə vətəndaşları niyə belə sarsıntılara çəkmək lazımdır? Bizim təkidlərimizdən sonra nəhayət prezidentin fərmanı ilə una ƏDV müvəqqəti götürüldü. İndi isə məlum olur ki, bu il iyulun 1-dən una ƏDV-ni yenidən tətbiq etməyə başlayıblar, ajiotaj da bunun üzərindən yaranıb. Çünki yerli istehsalçılar dediyimiz həmin istehsalçılar öz markaları altında, öz kisələrində unu əslində Rusiyada sifariş verir, istehsal etdirir, ordan gətirirlər. İndiki şəraitdə Rusiyanın qiymətlərinə, dünya bazar qiymətlərinə uyğun olaraq buğda Azərbaycanda idxal olunsa və onun ixrac vergisi Rusiyaya ödənsə, bu, undan baha gəlib çıxır. Necə olur ki, burda un istehsalı undan ucuz başa gəlir? Bu, məntiqli deyil. Bu da onu sübut edir ki, Azərbaycana idxal olunan taxıl məhsulları aşağı keyfiyyətlidir, kimyəvi qatqılarla ağardılır, süni nişasta qatılır və s. Bütün bunların hamısı Qida Təhlükəsizliyi Agentliyinə və digər aidiyyatı qurumlara ünvanlanası suallardır. Bütün bunlara görə, son ajiotajları hökumətin atdığı idxal ununa ƏDV tətbiqi addımı ilə əlaqələndirirəm. Çünki dediyim kimi, o zaman burda yerli istehsalçıların adı ilə bazara çıxarılan un, əslində onların markası altında Rusiyada istehsal olunub, ordan gətirilirdi. İndi taxıl biçini vaxtı olduğuna görə “un istehsalçıları” mafiyası hökumətin əlilə vəziyyəti öz xeyirlərinə “tənzimləyirlər”. ƏDV-nin tətbiq olunması “yerli istehsalçıları qorumağa” deyil, monopolistləri qorumağa hesabalanan addımdır”.
N.Bəydəmirlinin sözlərinə görə, bazar tələb-təklif əsasında qurulmasa, yerli istehsal adı ilə hökumətin lobbiçiliyinə son qoyulmasa, həmişə belə proseslər baş verəcək: “Mən hesab edirəm ki, əvvəla, işğaldan azad olunan torpaqların potensialından istifadə olunmalıdır. İkincisi, Kənd Təsərrüfatı Nazirliyinin bu sahəyə cavab verən şəxsləri normal idarəçiliklə məşğul olmalıdırlar. O cümlədən, su və meliorasiya təsərrüfatı yenilənməlidir, liberal bazar dəyərləri oturuşmalıdır. Təsəvvür edin ki, biz özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Saydığım tədbirlər reallaşdırılmasa, belə də davam edəcək. Bir də ki, ƏDV ölkədə çatışmayan bütün qida məhsullarından tamamilə götürülməlidir. Sahibkarlara rəqabət yaradılmalıdır, ölkə vətəndaşlarına keyfiyyətli və ucuz məhsul gətiriməlidir. Amma təəssüf ki, hökumət iyulun 1-dən tətbiq etdiyi idxal olunan una ƏDV ilə əslində monopolistləri qorumaqda davam edir”.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu