İlham Əliyev: "10-dan çox çayımızın mənbəyi işğaldan azad edilmiş torpaqlardadır"


“Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda, işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağ ciyəridir. Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır”.



AFN xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində söyləyib.

“Onu da bildirməliyəm ki, bizim böyük çayımız - uzunluğu 100 kilometrdən çox olan Həkəri çayının mənbəyi Laçın rayonundadır. Bu da böyük strateji əhəmiyyətə malik olan məsələdir. Deyə bilərəm ki, bizim 10-dan çox böyük və kiçik çayımızın mənbəyi işğaldan azad edilmiş torpaqlardadır. Onların arasında 4 çayı xüsusilə qeyd etmək istərdim. Çünki bu çayların uzunluğu 100 kilometrdən çoxdur. Tərtərçay 200 kilometr, Bazarçay 180 kilometrə yaxın, Xaçınçay 120 kilometrə yaxın – bu 3 çay Kəlbəcər rayonunda yerləşir. Həkəri çayı da böyük çaylarımızdan biridir, uzunluğu 100 kilometrdən çoxdur. Bunun çox böyük əhəmiyyəti var. Çünki Azərbaycan ərazisindən keçən bizim əsas çayların mənbələri başqa ölkələrdə yerləşir - Kür çayı, Araz çayı, Samur çayı. Bizim bu 3 əsas çayımızın mənbələri başqa ölkələrdə yerləşir. Əlbəttə ki, 4 böyük çayın mənbəyinin ölkəmizin ərazisində olması böyük üstünlüyümüzdür. Ancaq bu ərazilər işğal altında idi. İndi bu ərazilər işğaldan azad edilib. İşğaldan azad edilmiş torpaqların və orada həyatın bərpası üçün əlbəttə ki, çay resurslarımızın çox böyük əhəmiyyəti olacaqdır. Artıq müvafiq göstərişlər verilib və su anbarlarının tikintisi nəzərdə tutulur. Bu, özlüyündə kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın təmin edilməsinə çox böyük təsir göstərəcək amillərdən biridir”, - dövlət başçısı qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu