Ekspert: "Qarabağda geniş iqtisadi tədqiqatlara ehtiyac var"


İşğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcək layihələr iqtisadiyyatın daha da inkişafına təkan verəcək. Artıq son günlər işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpasına başlanılıb, həmçinin kənd təsərrüfatının inkişaf istiqamətləri də müəyyənləşməkdədir. Bu bir faktdır ki, həmin torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq. Mütəxəssislərin fikrincə, torpaqlarımızın işğaldan azad edilməsi iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq.



İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev AFN-ə açıqlamasında bildirib ki, ümumiyyətlə, Dağlıq Qarabağ və onun ətraf əraziləri Azərbaycanın iki iqtisadi zonasına aiddir: "Azərbaycanın ərazisi 10 iqtisadi rayona bölünür ki, ondan biri Yuxarı Qarabağ , digəri isə Kəlbəcər- Laçın iqtisadi rayonudur. Əslində bu rayonlar yaxın olsa da müxtəlif iqtisadi imkanlara malikdir. Xüsusilə Kəlbəcər-Laçın dağ-mədən sənayesinin inkişafı üçün ehtiyatlara malikdir. O cümlədən təbii qazıntı materialları, mərmər , qızıl, sement, mişardaşı kimi ehtiyatlarla zəngindir. Yuxarı Qarabağ rayonlarında isə əsasən heyvandarlıq, o cümlədən turizm sektoru üçün geniş imkanlar mövcuddur. Sadəcə olaraq bu sahələrdə geniş iqtisadi tədqiqatlara ehtiyac var ki, həmin rayonların strateji inkişaf planları hazırlansın. Eyni zamanda həm sahibkarların, həm də dövlətin üzərinə düşən vəzifələr müəyyənləşməlidir. Dövlətin üzərinə düşən vəzifə həmin rayonlar üzrə infrastrukturun tam şəkildə bərpa olunması, əhalinin köçürülməsinin təmin olunması, bazar, xüsusilə də sahibkarlıq, investisiya mühitinin inkişaf etdirilməsidir. Sahibkarların və investorların üzərinə düşən vəzifə isə rayonların spesifik xüsusiyyətləri nəzərə alınmaqla bazarda ehtiyac olan mal və xidmətləri öyrənərək onun əsasında istehsalının təşkil olunması, vəsait qoyulmasından ibarətdir".

İqtisadçının sözlərinə görə, Dağlıq Qarabağda mövcud olmuş zavod və fabriklərin yenidən bərpası qeyri mümkündür: "Belə ki, həmin zavodlar 30, hətta 50 il bundan qabaqkı texnologiyayla fəaliyyət göstərib, dağlıb. Bu gün onu bərpa edərək dünya bazarına çıxmağa ehtiyac yoxdur. Çünki hazırda hər dəqiqə yeni texnologiya ixtira edilir və istehsal qurulur. Ona görə də sahələr sıfırdan investisiya qoyularaq inkişaf etdirilməlidir. O ki qaldı zavodlarda ənənəvi sektorların bərpasına, yalnız bizə bazar diqtə edəcək ki, orada nə kimi məhsullar istehsal ediləcək. Həmin təbii sərvətlər, resurslar var, ancaq onların istismar forması isə bazarın tələblərinə uyğun olacaq".

Burada investisiya üçün 2-3 milyard vəsaitdən söhbət getdiyini deyən iqtisadçının fikrincə, burada sahibkarın fəaliyyəti ilə bağlı investisiya və biznes mühiti yaradılmalıdır: "Hazırda Texnoparklarda 7 il vergidən azad edilmə kimi müəyyən dəstək verilir. Belə layihələr olduğu halda sahibkarlar da meyillənəcək. Ümumilikdə isə indiyədək məşğul olmayan resursları cəlb edəndə təbii ki, bu iqtisadiyyata öz təsirini göstərəcək. Xüsusilə buraya istifadəsiz qalan torpaqlar, meşə təsərrüfatı, mineral su ehtiyatları, təbii qazıntılar daxildir,eləcə də insanlar gedib orada çalışanda əlavə iş yerləridir. Bir sözlə, bütün bunlar iqtisadiyyatın həçminin, ÜDM-nin genişlənməsinə təsir göstərəcək".

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu