Qənirə Paşayeva Taekvando üzrə Respublika Çempionu olmuş qəhrəman şəhidimizdən yazdı - FOTOLAR


Qalib əsgər Cavid Hüseynov!
Cavid Natiq oğlu Hüseynov – 19 yaşlı şəhidimiz! O, bir Tovuzlu balası kimi, mənsub olduğu ailənin əzizi kimi doğuldu, Azərbaycanın oğlu oldu, xalqın əzizi oldu.
İki qardaş, iki bacının ortancılı idi Cavid. Cavid 03 aprel 2001-ci ildə Tovuz şəhərində doğulub. Doqquz il Tovuz şəhər Nəsrəddin Tusi adına Təbiət və Texniki təmayüllü məktəb-liseydə, son iki ildə isə Mahir Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. 2018-ci ildə Taekvando üzrə Gənclər arasında Respublika çempionu olan Cavid, (regional, respublika, beynəlxalq səviyyəli) bir neçə başqa yarışda da uğurla iştirak edib, fəxri yerlər tutub.



O, düz 18 yaşını qeyd edib, yeni yaşa keçdiyi gün – 04 aprel 2019-cu ildə həqiqi hərbi xidmətə gedib.
Cavid hava hücumundan müdafiə sistemində qulluq edirdi. Hərbi xidmətdə olan zaman torpaqlarımızın alınmasında xüsusi xidmətlər göstərdiyi əsgər yoldaşları tərəfindən fəxarətlə söylənən Cavid, Tərtər, Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə fədakarlıqla iştirak edib.
31 oktyabr Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə şəhid olub. Tovuz şəhər qəbirstanlığında babası, nənəsi və əmisinin yanında dəfn olunub.
Qardaşı Şahin deyir, sonuncu dəfə, oktyabrın 29-da telefonla danışdıq. Dedi, “getdikcə daha sürətlə irəliləyirik; inşallah, Qarabağı azad edib, qalib əsgər olaraq dönəcəm evə”... Evə dediyi kimi döndü Cavid – Qalib olaraq… Şəhid olaraq!

Ruhu şad olsun! Zatən, şəhidlər öz ruhlarının əbədi şadlığını bu dünyada qazanıb. – Hər insanın iki adı var – biri doğularkən, doğmaları tərəfindən verilən və rəsmi sənədlərdə yazılan ad, bir də öz əməlləri, həyat yolu ilə qazandığı (yaxud “qazandığı”) ad – elin verdiyi ad... – Cavidin doğmaları tərəfindən verilmiş adı gözəl addır – Azərbaycanın mütəfəkkir şairi, türk birliyi ideyasının tərənnümçüsü və repressiya qurbanı Hüseyn Caviddən bəri milli, türkçü məzmunla qəbul edilmiş addır Cavid adı! Şəhid adı isə bir Vətən oğlu üçün titulların, rəsmi, qeyri-rəsmi adların ən ucasıdır, əbədi şöhrətdir! Cavid adının anlamı da "Baki, daimi, əbədi" şəklində izah olunur zatən...

Şəhid Cavid! İndi fikir verin ki, gözəl adlı, gözəl aqibətli Cavidin Şəhid adı həm elin dilində əzbərdir, həm də rəsmi olaraq təsdiq olunub! 19 yaşında xalqın, dövlətin təqdirini qazanmaq, ailəsinin, nəslinin, el-obasının başını uca etmək və Azərbaycan xalqının doğması, əzizi olmaq özü bir HADİSƏDİR!
Bizlər hadisə ömür yaşayan gənclərimizin, fədakar əsgərlərimizin, peşəkar hərbçilərimizin, bir sözlə, şanlı Ordumuzun hesabına, 44 günə sığmayan hadisələrin şahidiyik; hadisə günlərdən keçdik – günə sığmayan gün, aya sığmayan ay, ilə sığmayan il… Bu hadisələrin şahidi olmaq xoşbəxtliyini bizə bəxş edən Tanrımıza min şükür!
Dövlətimizin bayrağı uca olsun!
Şəhidlərimizin ruhuna əbədi ehtiram!












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu