Körpələr üçün ilk malyariya dərmanı təsdiqləndi


İsveçrənin Terapevtik Məhsullar Agentliyi "Swissmedic" yenidoğulmuşlar və körpələr üçün malyariya əleyhinə ilk dərmanın istifadəsini təsdiqləyib.

AFN.az xəbər verir ki, bu barədə dərmanın istehsalçısı olan "Novartis" şirkətinin mətbuata açıqlamasında bildirilir.

Dərmana "Coartem Baby" adı verilib, bəzi ölkələrin bazarları üçün isə "Riamet Baby" adlandırılıb. Dərmanın effektivliyi və təhlükəsizliyinin qiymətləndirilməsində səkkiz Afrika ölkəsinin nümayəndəsi iştirak edib və gözlənilir ki, yaxın zamanda həmin ölkələrdə də lisenziyalaşdırma prosesi başa çatacaq. Dərman qeyri-kommersiya əsasları ilə yayılacaq.

“Partnyorlarımızla birlikdə qürur duyuruq ki, tədqiqatları bir addım da irəli apararaq, klinik sınaqlardan keçmiş ilk yenidoğulmuş və körpələr üçün malyariya dərmanını hazırlaya bildik. Bu, ən kiçik və ən həssas xəstələrin də ehtiyac duyduqları yardımı ala bilməsinə imkan verəcək”, – deyə şirkətin rəhbəri Vas Narasixan bildirib.

Şirkətin açıqlamasında qeyd edilib ki, bu vaxta qədər çəkisi 4,5 kq-dan az olan körpələr (bu çəkiyə əksər yenidoğulmuşlar daxildir) üçün malyariya əleyhinə dərman mövcud olmayıb. Onlar daha böyük uşaqlar üçün nəzərdə tutulmuş preparatlarla müalicə olunurdular ki, bu da dozadan artıq istifadə və zəhərlənmə riski yaradırdı. Bundan əlavə, hələlik körpələr üçün malyariya vaksini də mövcud deyil.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, 2023-cü ildə 260 milyondan çox insan malyariyaya yoluxub, təxminən 600 min nəfər ölüb və bu halların hamısı Afrika ölkələrində baş verib. 5 yaşdan kiçik uşaqlar ölənlərin təxminən dörddə üçünü təşkil edir.

“Malyariya uşaqlar arasında ən ölümcül xəstəliklərdən biridir. Lakin düzgün resurslar və prioritetlər olduqda, onun qarşısını almaq mümkündür. "Coartem Baby" preparatının qeydiyyatı daha əvvəl diqqətdən kənarda qalan bir pasiyent qrupuna optimal dozada müalicə imkanı təqdim edir,” – deyə preparatın hazırlanmasında iştirak etmiş "Medicines for Malaria Venture" qeyri-kommersiya tərəfdaşlığının rəhbəri Martin Fitçet bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu