Yaponiyada yenidən diş çıxarma tədqiqatları uğurla gedir
Yapon tədqiqat qrupu dişləri itirilən insanların yenidən böyüməsinə imkan yarada biləcək dərman müalicəsi üzərində işləyir. Klinik sınaqların 2024-cü ilin iyulunda başlaması gözlənilir.
Heyvan təcrübələrində dərmanın süd dişləri və daimi yetkin dişlərin ardınca "üçüncü nəsil" dişlərin böyüməsinə töhfə verdiyi müşahidə edilir.
Dərmanın 2030-cu ilə qədər geniş ictimaiyyətə çatdırılması hədəflənir.
"Yeni dişlərin yetişdirilməsi ideyası hər bir diş həkiminin arzusudur. Mən bakalavr vaxtımdan bəri bunun üzərində işləyirəm. Bunu reallaşdıra biləcəyimə əmin idim" - deyə aparıcı tədqiqatçı Katsu Takahaşi bildirib.
Tədqiqatçılar müəyyən bir geni olmayan siçanların daha çox dişə sahib olduğunu aşkar ediblər. Bu gendə ifadə olunan "USAG-1" adlı zülalın dişlərin böyüməsini məhdudlaşdırdığı müəyyən edilib. Başqa sözlə, zülalın hərəkətinə maneə törətmək daha çox dişin böyüməsinə imkan verə bilər.
Takahaşinin tədqiqat qrupu "USAG-1"-ə diqqət çəkir və zülalı bloklamaq üçün neytrallaşdırıcı antikor dərmanı hazırlayıb. 2018-ci ildə aparılan təcrübələrdə anadangəlmə dişləri az olan siçanlara bu dərman verilib və bu, yeni dişlərin çıxmasına səbəb olub. Tədqiqatın nəticələri 2021-ci ildə ABŞ-da elmi məqalədə dərc olunub və dünyada ilk diş bərpası dərmanının başlanğıcı olaraq böyük diqqət çəkib.
İndi dərmanın insan istifadəsinə hazır olması istiqamətində işlər aparılır. İnsan orqanizminə heç bir mənfi təsiri olmadığı təsdiqləndikdən sonra 2 yaşdan 6 yaşa qədər olan uşaqların anodontiyadan (anadangəlmə əskik dişlər) müalicəsi nəzərdə tutulur.