Starmerin evini yandırmağa görə 4-cü şübhəli də həbs olundu

London polisi baş nazir Keyr Starmerin evinin və siyasətçi ilə əlaqəsi olan digər iki mülkün yandırılması ilə bağlı aparılan istintaqda dördüncü şübhəlini həbs edib.
AFN.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb. Bildirilir ki, bu gün Londonun Stansted hava limanında 48 yaşlı kişi həbs edilib. Adı açıqlanmayan adam əvvəlcə 2000-ci il terror aktı ilə əlaqədar polis əməkdaşları tərəfindən dayandırılıb, sonra isə həyatı təhlükə altına almaq məqsədi ilə yanğın törətmək üçün sui-qəsddə şübhəli bilinərək həbs edilib.
Qeyd edək ki, hadisə ilə bağlı bundan əvvəl üç nəfər həbs edilib. Onlar iki Ukrayna vətəndaşı, 21 yaşlı Roman Lavrinoviç və 34 yaşlı Petro Poçinok, həmçinin Ukrayna əsilli Rumıniya vətəndaşı, 26 yaşlı Stanislav Karpyukdur. Onlar “başqasına məxsus əmlaka zərər vurmaq” və “mülkiyyətə zərər vurmaq və başqasının həyatına təhlükə yaratmaq niyyəti” maddələri ilə ittiham olunublar.
Şübhəlilər Starmerin Londonun şimalındakı Kentiş Taun şəhərindəki şəxsi evinin, həmçinin baş nazirin köhnə avtomobilinin və 1991-1997-ci illərdə sahib olduğu İslinqtondakı mənzilinin qapısının yandırılmasında iştirakda təqsirləndirilirlər.