Polşada prezident seçkilərini Karol Navrotski qazandı


Polşada prezident seçkilərinin gərgin keçən ikinci turunda səslərin 50,9 faizini qazanan Karol Navrotski qalib oldu.



Bazar günü keçirilən ikinci tur seçkilərdə 29 milyon qeydiyyatdan keçmiş seçici Varşava meri Rafal Şaskovski ilə müxalif Mühafizəkar Hüquq və Ədalət Partiyasının namizədi, tarixçi Karol Navrotski arasında seçim etmək üçün səsverməyə qatılıb.



Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə görə, Navrotski səslərin 50,9 faizini toplayaraq növbəti 5 il ərzində ölkəni prezident kimi təmsil edəcək. Seçki öncəsi keçirilən sorğularda cüzi fərqlə öndə göstərilən Şaskovski isə 49,1 faiz səs toplaya bilib.


Prezident seçkilərinin ikinci turu Polşada Baş nazir Donald Tusk hökuməti ilə müxalifət arasında Avropa İttifaqı (Aİ) ilə münasibətlər, məhkəmə islahatları, abort qanunvericiliyi və Rusiya-Ukrayna müharibəsi kimi məsələlər fonunda keçirilib.



Siyasi analitiklər hesab edirlər ki, Aİ-yə uzaq münasibəti ilə tanınan və ABŞ prezidenti Donald Trampın siyasətindən ilham alan Navrotski, prezidentlik müddətində veto səlahiyyətlərindən istifadə edərək Tuskun rəhbərlik etdiyi koalisiya hökumətini çətin vəziyyətə sala bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu