Alimlərdən xəbərdarlıq - Dünyadakı oksigen tükənəcək

Bu gün oksigen sayəsində Yer kürəsində canlı həyat mümkündür. Lakin alimlərin fikrincə, gələcəkdə atmosfer yenidən oksigen baxımından kasıb, metan baxımından isə zəngin bir quruluşa sahib olacaq.
Yaponiyadakı Toho Universiteti və ABŞ-ın Corciya Texnologiya İnstitutunun alimlərinin birgə araşdırması Yer atmosferində baş verəcək dramatik dəyişikliyi ortaya qoyub. Araşdırmaya əsasən, təxminən 1 milyard il sonra atmosferdəki oksigen səviyyəsi kəskin şəkildə azalacaq.
Bu dəyişiklik planetin təxminən 2,4 milyard il əvvəl yaşadığı və “Böyük Oksidləşmə Hadisəsi” (GOE) adlanan dövrdən öncəki atmosfer vəziyyətinə qayıtmaq demək olacaq.
Oksigenin davamlılığı zəmanətli deyil
Araşdırmanın müəlliflərindən Kazumi Ozaki bu günə qədər Günəşin parlaqlığının artması və Yer kürəsindəki geokimyəvi dövrlərə əsaslanaraq həyat müddətinin hesablandığını bildirib. Lakin yeni modellər göstərir ki, atmosferdəki oksigen sabit deyil və zamanla yoxa çıxa bilər.
Elm adamları başqa planetlərdə həyat axtararkən yalnız oksigen izlərinə əsaslanmanın yetərli olmadığını və yanıldıcı nəticələrə gətirib çıxara biləcəyini qeyd edirlər.
İnsanlıq üçün son gözləniləndən tez ola bilər
Tədqiqatçılar bildirirlər ki, oksigen itkisi okeanların buxarlanmasından və Günəşin istiliyi nəticəsində suyun itməsindən daha əvvəl baş verəcək. Bu isə oksigenə ehtiyac duyan insanlıq və bir çox canlı növləri üçün yavaş-yavaş yox olmaq deməkdir.
Corciya Texnologiya İnstitutundan Kris Reynhard bu dəyişimi belə izah edib:
“Bu, bugünkü atmosferlə müqayisədə təxminən bir milyon dəfə daha az oksigen olan bir mühit olacaq.”
Mikroorqanizmlər yaşamağa davam edəcək
Araşdırmaya əsasən, Yer kürəsində oksigenə əsaslanan həyat dövrü planetin ümumi ömrünün yalnız 20-30 faizini əhatə edəcək. Oksigen yoxa çıxdıqdan sonra bitkilər və fotosintez edən canlılar tədricən məhv olacaq, lakin oksigensiz (anaerob) mühitdə yaşayan mikroorqanizmlər fəaliyyətini davam etdirəcək.
Kazumi Ozaki “Bu proses nəticəsində atmosferdə metan miqdarı artacaq, karbon qazı azalacaq və ozon təbəqəsi tamamilə yox olacaq. Yer planeti anaerob canlıların üstünlük təşkil etdiyi bir mühitə çevriləcək” deyə əlavə edib.