Zelenski: Sülh yolunda müəyyən irəliləyiş əldə etməyə çalışacağıq

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın atəşkəslə bağlı memorandumunu onlara təqdim etməməsinə baxmayaraq İstanbulda keçiriləcək danışıqlarda sülhün təmin olunması istiqamətində müəyyən bir irəliləyişin əldə edilməsi üçün çalışacaqlarını bildirib.
Zelenski gecə saatlarında yayımladığı videomüraciətində Rusiya-Ukrayna müharibəsi ilə bağlı vacib hadisələri dəyərləndirib.
İstanbulda baş tutacaq danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək müdafiə naziri Rüstem Umerov və digər rəsmilərlə görüşdüyünü bildirən Zelenski “Bazar ertəsi günü İstanbuldakı görüşdən konkret olaraq nə gözlədiyimizi müzakirə etdik” deyib.
O qeyd edib ki, danışıqlarda Rusiya tərəfinə tam və şərtsiz atəşkəs, eləcə də davamlı və etibarlı sülhü təmin edə biləcək təkliflər təqdim etməyə davam edəcəklər. “Rusiyaya təqdim etdiyimiz Ukrayna təklifi məntiqli və realdır” – deyə Zelenski bildirib.
Zelenski həmçinin vurğulayıb ki, Rusiya hələlik atəşkəslə bağlı memorandumu nə Ukraynaya, nə Türkiyəyə, nə də ABŞ-a təqdim etməyib. “Buna baxmayaraq, sülh yolunda heç olmasa müəyyən bir irəliləyiş əldə etməyə çalışacağıq” – deyə o əlavə edib.