Çində yeyilməyən boya ilə bəzədilən yeməkdən 233 uşaq zəhərlənib

Çinin şimal-qərbində yerləşən bir uşaq bağçasında baş aşpazın yeməyi bəzəmək məqsədilə yeyilməyən boyadan istifadə etməsi nəticəsində 233 uşaq zəhərlənib. Hadisə ilə bağlı bağçanın direktoru da daxil olmaqla 8 nəfər saxlanılıb.
BBC-nin məlumatına görə, hadisə Gansu əyalətinin Tianshui şəhərindəki Peixin Uşaq Bağçasında baş verib. Şefin nəzarətində hazırlanmış, buxarda bişirilən üçrəngli xurma piroqu və sosiskalı qarğıdalı çörəyi uşaqlara təqdim edilib.
Yeməyi yeyən 233 uşaqda qurğuşun zəhərlənməsi aşkarlanıb və onlar xəstəxanaya yerləşdirilib. Onlardan 201 nəfəri müalicə altına alınıb.
Məlumat daxil olduqdan sonra bağçaya gələn yerli nəzarət orqanları qida nümunələrində qurğuşun miqdarının milli təhlükəsizlik həddindən 2000 dəfə çox olduğunu müəyyən ediblər.
Hadisə ilə bağlı araşdırma başladılıb. Bağçanın müdiri və müəssisəyə sərmayə qoyan şəxsin də daxil olduğu 8 nəfər saxlanılıb.
Yerli polis bildirib ki, istifadə olunan boya internetdən alınıb və qablaşdırmanın üzərində açıq şəkildə yeyilməz olduğu qeyd olunub.
Çin dövlət mediası hadisənin bağçadakı təhlükəsizlik kameralarına da əks olunduğunu, görüntülərdə əməkdaşların yeməyə boya piqmenti əlavə etdiklərinin göründüyünü yazıb.
Tianshui şəhərinin meri Liu Lijiang yerli mediaya açıqlamasında bu hadisənin ictimai qida təhlükəsizliyinə nəzarətdə ciddi boşluqların olduğunu göstərdiyini vurğulayıb.