Ekspert: "Yataqxanaların sayı tələbələrin sayının 5 faizini ödəmir"


Koronovirus pandemiyasının təsirsiz ötüşmədiyi sahələrdən biri də daşınmaz əmlak bazarıdır. Evlərin alqı-satqısı ilə yanaşı, mənzillərin kirayəsində də müəyyən dəyişikliklərin müşahidə edilməsi aktual olan məsələlərdəndir. Paytaxtda kifayət qədər kirayə mənzillər var və bu mənzillərin bir qismi adətən məhz Bakıya təhsil almağa gələn tələbələr, bölgələrdən işləməyə gələn əhali tərəfindən kirayələnir. Lakin pandemiya ilə bağlı son dövrlərdə bu sahədə bir durğunluq yaşandı. Belə ki, mart ayından başlayaraq müəyyən rejimin tətbiqi nəticəsində ali məktəblərdə təhsil alan tələbələr tədricən öz evlərinə - bölgələrə qayıtmağa başladılar, dərslər isə distant formada davam etdirildi.



Artıq fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə, təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi ənənəvi formada bərpa edilib. Bu ixtisaslarda təhsil alan tələbələrin ehtiyacını yataqxanalar tamamilə ödəyirmi? Bu da bir faktdır ki, tələbələr adətən metrolara yaxın yerlərdə qalmağa üstünlük versələr də, ucuz evləri "Xalqlar Dostluğu", "Həzi Aslanov" və "Əhmədli" metrosu yaxınlığında tapırlar. Ümumilikdə isə bina evlərindən fərqli olaraq ucuz qiymətə həyət evlərinə daha çox rast gəlmək mümkündür. Pandemiya dövründə kirayə mənzillər və tələbə yataqxanalarının bu problemin həllində rolu hansı səviyyədədir?



Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev AFN-ə açıqlamasında bildirdi ki, pandemiya ilə əlaqədar olaraq ötən ilin martından etibarən təhsil müəssisələrinin bağlanması, sonra isə rayon qeydiyyatında olanların şəhərə gələ bilməməsi kimi problemlər mənzil bazarında ciddi boşluq yaradıb: "Əksər kirayə evlər boş qalıb. Hələ ki, tələbələrin qlobal şəkildə ev axtarması müşahidə olunmur. Avqust ayının sonunda ucuz mənzillər vardı , hansı ki, qiyməti 200-400 manat olan mənzillərin əksəriyyəti digər şəxslər tərəfindən tutuldu. Bundan əvvəlki illərə baxsaq, tələbələr əsasən Yasamal rayonu ərazisini seçirlər, çünki ali məktəblərin bir qismi bu ərazidədir. Tələbələr adətən maddi baxımdan ucuz qiymətə, 100-150 manatlıq həyət evlərinə üstünlük verirdilər və "Sovetski" də artıq sökülüb. Həmçinin pilot layihələr başlayıb, köhnə evlər sökülərək yenilənir, həmin sökülən evlərdə yaşayanlar özləri müvəqqəti olaraq kirayə mənzillərədə yaşamalı olurlar. Yeni binalar həm təmir baxımından yenidir, həm də kvadratı böyük olduğuna görə, artıq köhnə mənzil qiymətlərinə deyil. Məsələn, köhnə beşmərtəbədə bir otaqlı mənzil 250-300 manata idisə, yeni tikili binada 500 manat civarındadır".

Ekspert bildirib ki, tələbə yataqxanalarında yaşayanlar çox cüzi bir rəqəm təşkil edir: "Tələbə yataqxanaları hələ sovet dövründən belə, var idi, lakin müharibə başlayandan sonra orada məcburi köçkünlər məskunlaşdılar. Sonra isə mərhələli şəkildə məcburi köçkünlərə dövlət tərəfindən evlər verildi. Lakin həmin yataqxanalar yaşamaq üçün təhlükəlidir və istimar müddəti başa çatıb. Həmin ərazilərdə tələbə yataqxanaları tikilərsə, bu həm tələbələr üçün ürəkaçan olar, qiyməti ucuz olar, eyni zamanda həmin universitetin nəzdində tikilirsə təhsil müəssisəsi üçün çox böyük gəlir mənbəyidir. Xarici ölkə praktikasına baxsaq istənilən universitetlərin özlərinin ödənişli yataqxanası var. Bizdə bu sahə hələ inkişaf etməyib. Yataqxanaların sayı tələbələrin sayının 5 faizini ödəmir".

Ümumilikdə isə ucuzlaşmanın mart-iyul aylarında olduğunu vurğulayan ekspert deyib: "Hansı ki, tələbələr də yox idi, karantinlə bağlı iş yerləri bağlandığına görə, həmin vaxt evlərin çoxu boş qaldı və qiymətlərdə 10-15 faiz enmə oldu. İndi yeni tikili binalarda qiymətlər bahadır, mərkəzə doğru hətta çox bahadır, 1000-2000 manata qədər dəyişir. Orada xarici iş adamları, xarici tələbələr qalırdılar və onlar da pandemiya ilə bağlı öz ölkələrinə döndülər, həmin bahalı evlərin 90 faizi boş vəziyyətdə qaldı. O evlərdən gündəlik evlər kimi istifadə edirdilər. Xarici turistlər gələndə, məsələn böyük ərəb ailələrin yerləşməsi üçün oteldə 500 manat ödəyirdilərsə, həmin evləri 200 manata kirayələyirdilər.Ona görə də tələbat çox idi. Ancaq hazırda həmin bahalı evlərlə bağlı bazar çöküb".

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu