Torpaqlarımızın işğaldan azad edilməsində iştirak edə bilməsəm də, bərpasında iştirak etmək istərdim – usta ilə söhbət


“Bu günlərdə biz ən böyük sevincimizi yaşayırıq. Torpaqlarımız işğaldan azad edilib. Əsgərlərimizə, Ali Baş Komandan İlham Əliyevə və xalqımıza təşəkkür edirəm ki, bu günləri bizə göstərdilər. Ən böyük arzum budur ki, işğaldan azad edilən torpaqlarımızda bərpa işləri başlasın. Mən orada təmənnasız da işləyərəm. Döyüşlərdə iştirak etməmişəm, istəyərəm heç olmasa quruculuq işində canla-başla çalışım”.



Norm Ustalar Klubu layihəsində növbəti həmsöhbətimiz Qəbələdən olan usta Qorxmaz Osmanovdur. Diqqətli oxucularımız xatırlayarlar, 44 günlük ikinci Qarabağ müharibəsi başlamamışdan əvvəl layihə çərçivəsində həmsöhbət olduğumuz ustalar məhz torpaqlarımızın işğaldan azad edilməsini arzulayırdılar. Artıq həmsöhbətlərimizin bu arzusu çin olub və köhnə arzunun yerini işğaldan azad olan torpaqlarda aparılacaq bərpa-quruculuq işlərində fərəhlə çalışmaq arzusu tutub. Qorxmaz usta təxminən 17 ildir ki, tikinti sahəsində çalışır. Bu sahədə bir çox işləri bacarsa da, əsasən kafel-metlax işilə məşğul olur: “Əvvəl hərbçi olmuşam. 10 il işləmişəm, sonra çıxıb ustalığa başlamışam. Özü də bu işə həm ehtiyaca, həm də marağım olduğuna görə başladım. Qonşuda ev tikilmişdi, təmir edilirdi, getdim orda ustaların əlinə baxa-baxa öyrəndim. Gözəl sənətdir. İnsan özü səliqəli işləyəndə daha da gözəlləşir bu sənət. Amma ailəmizdə də tikinti sahəsində çalışanlar var. Atam hörgü ustası olub vaxtilə. Qəbələdə tanınmış ustalardan biri idi. Özü də ixtisaslı usta idi, bənnalıq məktəbini qurtarmışdı. Qardaşlarımdan da usta olanı var. Necə deyərlər, bu sahədə qabiliyyət bizim qanımızda-canımızda olub”.
Qorxmaz usta ailə vəziyyətinə uyğun olaraq ancaq Qəbələdə işləyə bilir. Başqa rayonlardan müraciətlər çox olsa da, gedə bilmir. Qəbələdə isə daha çox Avropa üslubuna üstünlük verilir: “Sadə işlər tamam azalıb. Avropa üslubu mürəkkəb olsa da, öhdəsindən gələ bilirəm. Dolanışığımı təmin edirəm, başqasına ehtiyacımız olmur, min şükür!
Heç vaxt işimdən narazı qalan olmayıb. Ümumiyyətlə, işini sevən adamların işində əyər-əskik olmaz. Mən də işimi sevirəm və diqqətliyəm, götürdüyüm sifarişləri yüksək səviyyədə təhvil verirəm, ona görə də narazılıq eşitməmişəm”.
Həmsöhbətimiz təxminən 4 ildir ki, Norm Ustalar Klubunun üzvüdür. . Özünün dediyinə görə, bu layihə xeyli üstünlük qazandırıb ona və həmkarlarına: “Görüşürük, müzakirələr edirik. Faydası böyükdür bu layihənin”.

P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu