Dövlət satınalımalarında 10 milyonluq nöqsan: nə necə dəyişməlidir?


Azərbaycana Hesablama Palatası 2020-ci ilə dair hesabatını açıqlayıb. Sənəddən dövlət satınalmaları sahəsində ciddi nöqsanların aşkarlandığını görmək olar. Ötən il ərzində 228 satınalan təşkilatın satınalmaları ilə bağlı 26 audit və 1 təhlil aparılıb. Hesablama Palatasının rəyinə görə, əsas problemlər məlumat bazasının formalaşmaması, cəlb edilən dövlət vəsaitinin payının aşağı olması və bir mənbədən satınalma metodunun payının böyük olması ilə bağlıdır. Hesabatda qeyd edilir ki, bütün nöqsanlı sahələr üzrə ümumi məbləğ 130,3 milyon manat təşkil edib.


Dövlət satınalmaları üzrə nöqsanların ümumi məbləğdə xüsusi çəkisi 7,6 faiz təşkil edib. Bu isə 9 milyon 902 800 min manat vəsait deməkdir. Palata dövlət satınalmalarını gələcək büdcə yükünə dair risk sahələri qrupuna daxil edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən mart ayında mətbuata verilən məlumatdan 2019-cu illə müqayisədə 2020-ci ildə satınalmaların sayının azaldığını görmək olar. Bu da tenderlərə və katirovkalara inamsızlığın artmasından xəbər verir. İqtisadiyyat Nazirlyinin açıqlaması ilə yanaşı, Azərbaycan Sahibkarlar Konfedarasiyasının keçirdiyi sorğular da dövlət satınalmaları sahəsində şikayətlərin artdığını göstərir. Səbəb isə ilk növbədə, tenderlərin və katirovkaların təşkilində qeyri-şəffaflığa yol verilməsidir. Nazirliyin açıqlamasına görə, 2020-ci ildə Azərbaycanda dövlət təşkilatları tərəfindən tenderlər və kotirovka sorğusu əsasında həyata keçirilən dövlət satınalmalarının həcmi 2019-cu illə müqayisədə 14,8 faiz və ya 6 milyard 567 milyon 210,1 min manatadək artıb. 2020-ci ildə dövlət strukturları tərəfindən ümumilikdə 9,203 min tender və kotirovka sorğusu (müsabiqələr) keçirilib və 2019-cu illə müqayisədə onların sayı 19,7 faiz azalıb. Tenderlər və kotirovka sorğusu üsulu ilə satınalmaların həyata keçirilməsi 305,478 milyon manat məbləğində vəsaitə (artım 12,8 faiz) və ya dövlət satınalmalarının dəyərinin 8,3 faizinə qənaət etməyə imkan verib. 2020-ci ildə 5,161 min kotirovka sorğusu keçirilib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 18,4 faiz azdır. Kotirovka sorğusu üsulu ilə həyata keçirilən dövlət satınalmalarının ümumi dəyəri cəmi 111,537 milyon manat təşkil edib.

2020-ci ildə Azərbaycanda dövlət müəssisələrinin və təşkilatlarının keçirdiyi satınalmalarla bağlı iddiaçılardan 501 şikayət daxil olub. İqtisadiyyat Nazirliyi bildirib ki, bu, 2019-cu illə müqayisədə təxminən 2,1 dəfə çoxdur. Nazirlik iddia edir ki, şikayət halları “Dövlət sаtınаlmаlаrı hаqqındа” qanuna uyğun araşdırılıb, müsаbiqələrin оbyеktiv keçirilməsi, iddiaçılara ədalətli yanaşılması və ayrı-seçkilik hallarına yol verilməməsi üçün satınalan təşkilatlara tövsiyələr verilib. Eyni zamanda, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri malgöndərənlərə (podratçılara) izah edilib. Ancaq Azərbaycan sahibkarları dövlət təşkilatlarının keçirdiyi tender, kotirovka sorğuları və başqa satınalma üsulları zamanı yaradılan süni əngəllərdən narazılıqlarını bildirir. Azərbaycan Sahibkarlar Konfederasiyasının açıqlamasına görə, şikayətlərin bir qismi kotirovka sorğularında təklif vermə müddətinin olduqca qısa müəyyən edilməsi ilə bağlıdır. Sahibkarlar bildirir ki, bəzən elə kotirovka sorğuları olur ki, həftənin şənbə günü elan edilir, bazar ertəsi günü başa çatır. Bu halda sahibkarın şərtlər və sənədlər toplusu ilə tanış olub təkliflər hazırlaması mümkün deyil. Yeri gəlmişkən, Antiinhisar Xidməti bu iradla razılaşıb və elan edib ki, bununla əlaqədar olaraq qanunda əlavə və düzəlişlər ediləcək.

Sahibkarların digər narazılığı tenderə qatılmaq üçün bəzi sənədlərin kağız formasında tələb edilməsidir. Məsələn, qaydalara görə, tenderə qatılan sahibkarlar Ədliyyə Nazirliyindən məhkumluğun olub-olmaması barədə arayış gətirməlidirlər. Həmin arayış isə bir ay müddətində verilir. Kotirovka müddəti 3-5 gün təyin edildiyi halda, məhkumluq haqqında arayışın alınması üçün bir ay lazımdır. Halbuki, bu məlumatı dövlət elektron sistemlərindən qısa müddətdə əldə etmək olar. Sahibkarlar təklif edirlər ki, Elektron Hökumət mövcud olduğu halda, onlardan lazım olan məlumatların kağız daşıyıcılarda tələb edilməsinə ehtiyac yoxdur. İş adamlarının digər narazılığı tenderlərə qatılanlardan vergi və Dövlət Sosial Müdafiə Fondunun borcu haqqında arayışın istənilməsi ilə bağlıdır. Sahibkarlar hesab edir ki, bu sənəd əslində, sistemlərin inteqrasiyası vasitəsil həll edilə bilər.



Digər narızılıq ləğv edilən tenderlərlə əlaqədardır. Qeyd edək ki, hazırda mövcud olan qaydalara görə, sahibkarlar tenderə qatılarkən iştirak haqqı ödəyirlər və tender yarımçıq ləğv ediləndə bu pul geri qaytarılmır. Həmin tender yenidən elan ediləndə həmin sahibkar növbəti dəfə iştirak haqqı ödəməli olur. Bu qaydadan narazı qalan iş adamları onun dəyişdirilməsini istəyir. İş adamları kotirovka sorğuları ilə bağlı elanların mətninin ümumi olmasına da etiraz edir. Yəni, elanlarda zəruri detalların göstərilmədiyi bildirilir. Nəticədə, sahibkar onlara ünvanlanmış texniki tələbləri dəqiq müəyyənləşdirə bilmir. Sahibkarlar dövlətin payının 30 faiz və daha artıq olan müəssisələrin bəzilərinin elanları verilərkən problemlə üzləşdiklərini bildirir. Belə ki, həmin elanlar dövlət satınalma platformalarında yerləşdirilmir. Nəhayət, iş adamları tender zərflərinin açılması prosesinin daha şəffaf olmasını tələb edir. Sahibkarlar bu prosesdə hətta onlayn da olsa iştirak etmək istəyir. Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, dövlət satınalmaları sahəsində problemlər ilk növbədə, qanunvericilikdəki boşluqlardan qaynaqlanır. Ona görə də hüquqi baza yenidən formalaşmalıdır: “Dövlət satınalmaları haqqında” qanun bərbad vəziyyətdədir. Yəni bu sənəd 20 ilə yaxındlr ki, qəbul edilib. Ondan sonra bəzi əlavə və dəyişikliklər olunub. Amma mahiyyət dəyişməyib və demək olar ki, həmin qanun qalmaqda davam edir. “Dövlət satınalamaları haqqında” qanun əvvəl də çox pis vəziyyətdə idi. Mən vaxtilə Mərkəzi Bankda işləyən zaman tender komissiyasının katibi olmuşam və həmin qanunu tətbiq etmişik. Həmin qanunu yazanların sanki iki məqsədi olub. Birincisi, dövlət orqanına əziyyət vermək. Yəni, onu elə vəziyyətə salmaq ki, öz tələbatını ödəmək üçün normal satınalma keçirə biməsin və gəlib kimlərinsə qılıncının altından keçsin. Xatırladım ki, 2000-ci illərin əvvəlində Dövlət Satınalmaları Agentliyi var idi. Çox güman ki, bu qanun layihəsini də həmin agentliyin işçiləri hazırlamışdı. Elə etmişdilər ki, dövlət orqanları bunlardan asılı olsun. Nə etsələr də qanunla işləyə bilməsinlər. Dövlət təşkilatının gündəlik tələbatı var və mal, xidmət, nə isə almalıdır. Bunları vaxtında ala bilməsə, dövlət qurumu normal fəaliyyət göstərə bilməz. Lakin “Dövlət satınalmaları haqqında” mövcud qanunla normal tender və katirovkalar keçirmək mümkün deyil. Qanun formal xarakter daşıır.

İkinci məqsəd sanki tenderdə iştirak etmək istəyən və dövlət orqanı ilə sövdələşməyə getməyən şəxslərin o sistemdən baş çıxara bilməməsinə hesablanıb. Məlumdur ki, qiyməti 50 min manatdan artıq olan tenderlər açıq keçirilməlidir və satınlamaların elektron saytında öz əksini tapmalıdır. Bu da elektron portal vasitəsilə həyata keçirilməlidir. Həmin portaldan mən də istifadə etmişəm. Dövlət orqanı ilə əməkdaşlığı olmayan heç bir şəxs o portaldan baş çıxara bilməz. Hansısa məlumatların hansı bazaya yüklənilməsi o qədər qəliz quraşdırılıb ki, onu aşkara çıxartmaq üçün xalq nağılllarında olduğu kimi, sehrbazlıq etmək lazımdır. Əslində, belə olmalı deyil. Bu baxımdan, birinci növbədə, qanun dəyişməlidir. İkincisi, dövlət satınalmalarının portalı tam yenilənməlidir. Bu, elə tərtib olunmalıdır ki, dövlət təşkilatları düzgün, açıq, şəffaf tender keçirə bilsinlər. Eyni zamanda da onların cari fəaliyyətinə ziyan dəyməsin. Hər bir təşkilat da bu tenderlərdə və katirovka sorğularında rahat iştirak etsin. Təbii ki, dövlət satınalmaları zamanı vəzifəli şəxslərin öz şirkətlərini tenderlərdə qalib etməsi, gəlir götürməsi halları var. Ancaq bütün dövlət təşkilatlarında belə deyil. Ümumiyyətlə, bu sahədə bütün qanunsuzluqların qarşısını almaq üçün satınalamalar elektron qaydada keçirilməlidir. Bu halda ictimaiyyət eyni növ əşyanı bütün dövlət qurumlarının hansı qiymətə almasının şahidi olacaq”.

Əkrəm Həsənovun sözlərinə görə, sahibkarlar arasında narazılığa son qoymaq üçün qaydalar sadələşdirilməlidir. Bunun ən münasib proseduru isə tender və katirovkaların elektron qaydada keçirilməsidir: “Məlumatlar kağız formada toplanmamalıdır. Satınalma prosesi kağız üzərində aparılanda əyintilərə yol verilir. Qanunda satınalmaların kifayət qədər üsulları var. Bunlar tender, açıq tender, katirovka, təkliflər sorğusu, bir mənbədən təkliflərin alınması kimi çoxsaylı imkanlardır. Mən hesab edirəm ki, bunlar həqddindən artıq çoxdur və maksimum üç forma saxlamaq lazımdır. Qalanları isə ləğv edilməlidir. Yerdə qalanlar da hamısı elektron şəkildə həyata keçirilməlidir. Yəni birinci, forma kimi açıq tender saxlanılmalıdır. İikincisi, katirovka qalmalıdır. Yəni katirovka işin qiyməti ilə müəyyən olunur. Üçüncüsü də bir mənbədə satınalma da qalmalıdır. Elə hallar var ki, bir mənbədən satınalma qaçılmaz olur. Ancaq bu, qanunda istisna hal kimi nəzərədə tutulmalıdır. Haklbuki, Azərbaycanda dövlət təşkilatları indiqyə qədər bütün hallarda bir mənbədən istifadəyə üstünlük verib”.

“Dövlət satınalmaları haqqında” qanunun yenilənməsi tender və katirovkaların keçirilməsində əsas problem olan inhisarçılığı aradan qaldıra biləcəkmi” sualına cavabında ekspert bunun tam real görünmədiyini dedi. “Monopoliyaya son qoymaq üçün birinci növbədə, parlament 15 ildən çoxdur ləngiyən Rəqabət Məcəlləsini qəbul etməlidir. Mən təklif edərdim ki, ümumiyyətlə, Dövlət Satınalmaları Haqqında Qanunu ictimai müzakirəyə çıxartsınlar. Elə tenderlər var ki, onların müddəti çoxdur. Qanunda yazılıb ki, həmin tenderin müddəti 30 gündən tez başa çata bilməz. Bəlkə buna ehtiyac yoxdur və qısa müddətdə dövlət təşkilatı qısa müddətdə nə isə almalıdır? Bir ay gözləməyə ehtiyac yoxdur. Yəni belə süni əngəllər aradan qaldırılmalı, çeviklik təmin olunmalıdır”.

M.Vahidli, AFN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu