Qarabağın bərpası prosesi xarici borclanmanı artıra bilər - ekspert


Pandemiyadan əvvəl qlobal borc səviyyəsi artıq riskli səviyyəyə çatmışdı. Hazırda isə pandemiyanın təsiri ilə bağlı ölkələrin böyüməsindəki daralma bu vəziyyəti daha da çətinləşdirib.


Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatına görə, pandemiyanın ilk rübündə qlobal borc 1,2 trilyon dollar artaraq 258 trilyon dollara çatıb. Qlobal borcun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti ilk rübdə artaraq tarixi rekorda - 331% səviyyəsinə çatıb. Dünya Bankının Beynəlxalq Borc Statistikası ilə bağlı hesabatında 120 aşağı və orta gəlirli ölkənin ümumi xarici borcunun 2019-cu ilin sonunda rekord - 8 trilyon 139 milyard dollar səviyyəsinə çatdığı göstərilir. Əvvəlki ilə nisbətən ümumi xarici borc artımı 5,4%, yəni 420 milyard dollar təşkil edib. 10 il əvvəl isə ümumi xarici borc məbləği 3 trilyon 618 milyard dollar idi. Dünya Bankının açıqlamasına görə, 73 ən zəif inkişaf etmiş ölkənin xarici borc yükü əvvəlki ilə nisbətən 9,5% artaraq 2019-cu ilin sonunda rekord - 744 milyard dollar səviyyəsinə çatıb. Hesabata görə, Çinin xarici borcu 2 trilyon 114 milyard dollar olsa da, ÜDM-ə nisbəti 15%-dir. Hindistanın xarici borcu 560 milyard dollar, lakin ÜDM-ə nisbəti 20% təşkil edir. Rusiyanın xarici borcu 490 milyard dollardır ki, ÜDM-ə nisbəti 30%-dir.
Ölkəmizə gəldikdə isə bu günlərdə ölkə başçısı bildirib ki, bizim xarici borclarımız ÜDM-in təqribən 18 faizdir: “Qarşıya dünyada ən yaxşı nəticələrdən birini - xarici borcu ÜDM-in 10 faizinədək azaltmağı hədəf qoymuşam”. Hazırda 18 faiz ölkəmiz üçün normal hesab edilə bilərmi və bu istiqamətdə hansı addımların atılması vacibdir?
İqtisadçı-ekspert Rəşad Həsənov AFN-ə bildirdi ki, məsələyə ilkin qiymətləndirmə kimi baxsaq, xarici borcun ümumi daxili məhsulun təxminən 18 faizi olması məqamı müsbət hesab edilə bilər: “Çünki bəzi ölkələrdə hətta ÜDM-in iki, üç qatına qədər yüksələ bilir. İnkişaf etmiş ölkələrdə orta göstərici 110 faiz ətrafındadır. Bu baxımdan ölkəmiz üçün 18 faiz yaxşı qiymətləndirilə bilər. Ancaq eyni zamanda buna geniş aspektdən baxmaqda fayda var. Faktiki olaraq bizdə dövlətin birbaşa götürdüyü kreditdən başqa, bir də təminat verdiyi, dövlət zəmanəti ilə götürülən, dövlət zəmanəti olmadan götürülən kreditlər var. Bütövlükdə qiymətləndirdikdə bu, ÜDM-in 50 faizinin üzərindədir. Xüsusilə də götürülən kreditlərin dövlət müəssisələri tərəfindən qeyri-səmərəli istifadə edilməsi, korrupsiya predmetinə çevrilməsi riskləri bu baxımdan vəziyyətin o qədər də ürəkaçan olmadığını deməyə əsas verir. Bununla bağlı hətta rəsmilər tərəfindən də dəfələrlə fikirlər səsləndirilib. Maliyyə Nazirliyinin də mövqeyi olub ki, dövlət müəssisələri bu kreditləri götürür və onu ödəyən dövlət büdcəsi olur. Bu baxımdan düşünürəm ki, atılmalı addımlar çoxdur. İndiki şərtlər daxilində xarici borcun ümumi həcminin 10 faizədək azaldılması məsələsi özü kifayət qədər ciddi bir hədəfdir. Əgər bu reallaşarsa çox yaxşı olar”. Ekspertin fikrincə, hazırda başqa bir məsələ var ki, işğaldan azad edilən ərazilərin bərpa prosesini də nəzərə almaq lazımdır: “Bu, kifayət qədər xərc tələb edən bir prosesdir. Ola bilsin ki, bu prosesin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin əsas mənbəsi kimi xarici borclanma alətlərindən istifadə edilsin. Bu da müəyyən qədər çətinliklər yarada bilər. Xarici borcun ÜDM-də səviyyəsinin hansı həddə qorunmasından çox, xarici borclanmanın özünün keyfiyyətinin artırılması, prosesə nəzarətin gücləndirilməsi və həmin vəsaitlərin səmərəli istifadəsi, korrupsiya predmetinə çevrilməsinin qarşısını almaqda fayda var. Borclanma heç də hər zaman pis vəziyyət deyil. Təbii ki, Azərbaycanın müəyyən qədər rezervləri var. Bu baxımdan neft gəlirləri, müəyyən qədər borclanma istiqamətində tələbi aşağı salır. Dünya, xüsusilə də inkişaf etmiş ölkələrdə borc səviyyəsi kifayət qədər yüksəkdir və ÜDM-in üzərindədir. Ancaq iqtisadiyyat olduğu və həmin vəsaitlər məqsədli şəkildə istifadə edildiyi təqdirdə növbəti mərhələdə əlavə dəyər yaradır. Bu dəyər əhalinin orta gəlirlərinin artmasına, həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. Məqsədli borclanma, keyfiyyətlə borclanma pis deyil. Böyük ehtimalla Qarabağın bərpası prosesində bu istiqamətdə ciddi zərurət yaranacaq və hökumət mexanizmləri təkmilləşdirməli, nəzarəti artırmalıdır”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu