Şəhid adının əbədiləşdirilməsi üçün medal sayı vacib olmalıdırmı? MÜZAKİRƏ


Torpaqlarımızın işğaldan azad edilməsində hər birimiz ilk öncə şəhidlərimizə borcluyuq. Onlar öz canlarını bu yolda qurban verib, düşməni torpaqlarımızdan qovub çıxarıblar. Şəhid adını uca tutmaq, ailəsinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. Lakin bu gün şəhid adının əbədiləşdirilməsi ilə bağlı bir sıra problemlər hələ də qalmaqdadır.


Tanınmış jurnalist, şəhid övladı Zaur Əhməd bu məsələni gündəmə gətirib. Onun sözlərinə görə, Nazirlər Kabinetindən bir şəhid atasına rəsmi cavab verilib ki, oğlunun ən az iki medalı olmasa, onun adını əbədiləşdirilməsinə, hansısa küçəyə, məktəbə verilməsinə icazə verilə bilməz: “Maraqlandım, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti Qərarının 3.1.2. bəndində belə bir məqam var: "Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar". Qeyd edim ki, bu qərarı o vaxtkı baş nazir Sürət Hüseynov imzalayıb. Dəqiq bilmirəm, belə bir qanun, qayda varmı? Varsa, indiyə kimi niyə dəyişməyib? Ümumiyyətlə, şəhid adının yanında medalın, ordenin müzakirəsimi olar? Bəs deyirdiniz bu millətin, dövlətin taleyini neçə-neçə adsız qəhrəmanlar həll edir? Bu qələbə, bu zəfər medalla əldə olunmur, qanla əldə olunur. O qanı, canı da medala, ordenə görə fəda etmirlər. Mən özümü dərk edəndən bəri dövlətimizi baş tacı edənlərdənəm. Amma bəzən dövlətin elə şeylərə göz yumduğunu görürəm ki... Ey səlahiyyət sahibləri, söz sahibləri, güc sahibləri, sizinləyəm! Belə bir şərtin olmadığını deyin. Yoxsa bu cür məsələlərin axırı yaxşı qurtarmayacaq. Vətən naminə axan qanın qarşılığında şərt irəli sürməzlər!”

Mövzunun vacibliyini nəzərə alaraq, məsələ ilə bağlı rəylər aldıq. Millət vəkili Aqil Abbas AFN-ə açıqlamasında bildirdi ki, bu barədə mübahisə hələ davam edir: “Həmin şəhidin atası haqlıdır. Şəhidi bir-birindən fərqləndirmək olmaz. Birinin medalı var, birinin yoxdur. Düzdür, Milli qəhrəmanlarımızda var. Sadəcə olaraq bir məsələ var ki, bir kənddə 15 şəhid var, bir dənə də məktəb. Bu məktəbə kimin adını qoysunlar? Mübahisələrin yaranma səbəbi də buradan qaynaqlanır”.

Hərbi jurnalist Rey Kərimoğlu isə təəssüflə qeyd etdi ki, qanuna belə əcaib bir bənd salınıb: “Biz dəfələrlə bu məsələni qaldırmışıq. Məsələn, keçmiş deputat Hadı Rəcəbli ilə də bunu müzakirə etmişik. Bu barədə Nazirlər Kabinetinin qərarı dəyişilməlidir”.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədr müavini Əlisəfa Quliyev də hazırda belə bir qanun olduğunu deyir: “Bizim ailədə 4 qardaşıq, iki nəfər şəhid olub. Qardaşım Vətən uğrunda medalı ilə təltif olunub, ancaq onun da adı qanunla əbədiləşdirilməyə düşmür. Bütün şəhidlərimizin adı əbədiləşdirilməlidir. Hazırda qanunla hərəkət edirlər. Əvvəllər hansısa şəhərdə, kənddə şəhid olurdusa məktəbin adını verirdilər. Sonradan bu məsələ dayandırıldı. Səhid adının əbədiləşdirilməsində əsasən Milli qəhrəmanların adı verilə bilir. Hazırda şəhid ailələrinin, əlillərin statusu müəyyən olunur. Gələcəkdə bəlkə qanunda dəyişiklik olacaq”.

Qeyd edək ki, bu gün Milli Məclisdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) məsələ müzakirə olunur.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu