"COVID-19 deltayabənzər ştamlara görə tam yox olmayacaq" - dünya alimləri
SARS-CoV-2-nin delta ştamının əsas xüsusiyyətləri olan yenidən yoluxma qabiliyyəti və ötürülmə sürətinin yüksək olması pandemiyanın uzanmasına səbəb ola bilər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə T.H.Çan adına Harvard İctimai Səhiyyə Məktəbinin alimləri bildiriblər. Onların araşdırması “Cell” jurnalında dərc olunub.
COVID-19 yayıldıqca onun patogeni mutasiyaya uğrayıb. “Beta” ştamı “yerini bərkidə” və ya epidemiyanın gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilməsə də, bəzi variantlar, məsələn, “alfa” (Britaniya ştamı) və “delta” (Hindistan) kimi variasiyalar tez bir zamanda dominant ştama çevrilib.
Araşdırma müəllifləri hipotetik variantların yaratdığı pandemiyaların infeksiyaya qarşı mübarizə üsulları kimi müxtəlif kombinasiyalardan - maska rejimi, məsafə saxlama və vaksinasiyadan istifadə edən əhaliyə necə təsir edəcəyini göstərən model yaradıblar. Təhlil iki xüsusiyyətin kombinasiyası da daxil olmaqla, bir neçə ssenarini təklif edib: “alfa” variantına oxşar yoluxma sürəti, “beta” üçün xarakterik olan immun cavabdan qismən yayınma, “delta” kimi bu xüsusiyyətlərin birləşməsi və sadalanan əlamətlər olmayan variant.
Komanda “alfa” və “beta” variantlarının iki əsas xüsusiyyətinə malik olan Hindistan ştamının daha çox narahatlıq doğurduğunu müəyyən edib. Tədqiqatçı Meri Buşmanın fikrincə, “delta”nın aktivliyini azaltmaq üçün ən təsirli üsul kütləvi peyvəndləmə olaraq qalır.
“İnsanların “delta” kimi variantların ortaya çıxmasının peyvəndi daha da əhəmiyyətli etməsini anlamasını təmin etmək lazımdır. Virusu məhv edə bilməsək belə, insanların onunla hazırlıqlı şəkildə qarşılaşmasını təmin edə bilərik”, - alim fikrini tamamlayıb.