Ermənilərə qızıl qiymətində ekoloji zərbə
Keçmiş Ağdərə rayonunda yerləşən Qızılbulaq (ermənicə -Drombon) və Dəmirli (Kaşen) qiymətli metal yataqları bir-birindən 15 km məsafədə yerləşir. 44 günlük müharibədən sonra bu yataqlar ermənilərin nəzarət etdiyi ərazilərdə qalsa da, mədənlərin nasos stansiyalarının yerləşdiyi ərazi Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmişdi.
AFN.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Qalib Toğrul danışıb. Onun sözlərinə görə, o zaman bir müddət yataqların istismarına fasilə verilmişdi: "İndi görünür ki, ermənilər yataqların istismarı üçün yeni nasos stansiyaları tikib. Bu, çox böyük vəsait tələb edən tikinti sayılırdı.
Azərbaycan ekoloqları dünən keçmiş Ağdərə rayonunun Gülyataq (Vardadzor), Canyataq (Cankatağ) və Aşağı Orataq (Nerkin Horatatag) kəndlərində yerləşən Qızılbulaq yataqlarını monitorinq etməyi planlaşdırırdı. Bu yataqlar ermənilər tərəfindən 2000-ci illərin əvvəllərindən istismar olunur. Mis-qızıl və mis-molibdenlə zəngin olan yataqları “Base Metals” (“Vallex Group”a məxsusdur) şirkəti istismar edir. Qurama Artsax büdcəsinin gəlirlərinin 40 faizə yaxını bu iri vergi ödəyicisi tərəfindən təmin olunur. Vergi ödəyicilərinin siyahısında birinci olan “Base Metals” ikinci şirkətdən 4-5 dəfə artıq vergi ödəyir. Və yaxud başqa bir müqayisə: “Base Metals”ın ödədiyi vergi məbləği 2-15-ci yerləri tutan vergi ödəyicilərinin bir yerdə ödədiklərindən çoxdur. Bu, 2021-ci ilin statistikasıdır. Məhz bu səbəbdən erməni iqtisadçılar “Base Metals”ı qurama Artsax iqtisadiyyatının lokomotivi adlandırırlar. Azərbaycan yataqların istismarını dayandırmaqla Qarabağdakı qeyri-qanuni rejimin iqtisadi əsaslarını sarsıtmaq istəyir. Buna nə dərcədə nail olacağımızı zaman göstərəcək.
Yeri gəlmişkən, ölkəmiz 2017-ci ildə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü beynəlxalq hərəkatından çıxdığını bəyan edib".