Qarabağda istismar oluna biləcək hansı qızıl yataqları var?
Son günlərin əsas mövzusu Qarabağdakı qızıl yataqlarıdır. Hələlik erməni tərəfin istismarında olan yataqların işlənməsi zamanı ətraf mühitə zərərin vurulması ilə bağlı azərbaycanlıların Laçın yolunda etiraz aksiyası artıq 4 gündür davam edir.
Bəs hazırda Qarabağda istismar oluna biləcək yataqlar hansılardır?
AFN.az xəbər verir ki, Qarabağda 4 belə qızıl yatağı var. Söyüdlü (İşğaldan azad olunanadək Ermənistan istismar edib, yatağın 76 faizi Azərbaycanın, 24 faizi Ermənistanın (Sotk) payına düşür), Ağdüzdağ (30 illiyinə Türkiyənin “Artvin Maden A.Ş.” şirkətinə verilib), Qızılbulaq (işğal altındadır, 2002-ci ildən 2020-ci ilin sonunadək ermənilər istismar edib), Vejnəli (Ermənilər işlədib, hazırda istismar olunmur, "Anglo Asian Mining" şirkətinə verilib).
Qeyd edək ki, ilk 3 yataq Kəlbəcər rayonunun ərazisinə düşür. Keçmiş Ağdərə rayonunda yerləşən Qızılbulaq yatağının ərazisi, rayon ləğv edildikdən sonra Kəlbəcərə verilib. Vejnəli yatağı isə Zəngilan rayonunda yerləşir. Adları çəkilən 4 yatağın sənaye ehtiyatları 132,6 ton qızıl miqdarında qiymətləndirilir. Onun 120 tonu Kəlbəcərdəki yataqların payına düşür.