ABŞ hava məkanında Çinə məxsus obyekt görünüb - iki ölkə arasında GƏRGİNLİK
Çin ABŞ hava məkanındakı bəzi həssas hərbi obyektlərin üzərində uçan və "kəşfiyyat məqsədləri" üçün nəzərdə tutulduğu təsbit edilən obyektin özünə aid olduğunu etiraf edib.
AFN.az Anadolu-ya istinadən xəbər verir ki, Çin obyektin meteoroloji tədqiqatlar üçün istifadə edildiyini və təsadüfən ABŞ hava məkanına girdiyini açıqlayıb. Çin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada obyektin Çinin mülki təyyarəsi olduğu, meteoroloji araşdırmalar üçün istifadə edildiyi və küləklər tərəfindən sürüklənərək səhvən ABŞ hava məkanına daxil olduğu qeyd edilib. "Çin təyyarənin gözlənilməz məcburi səbəblərdən ABŞ hava məkanına daxil olmasından təəssüflənir", - deyə XİN-in açıqlamasında vurğulanıb.
Çin bəyan edib ki, rəsmilər təbii səbəblərdən yaranan gözlənilməz problemin həlli üçün ABŞ tərəfi ilə sıx əlaqə saxlayacaq. Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirilən mətbuat konfransında deyib: "Biz məlumat toplamağa və hadisəni yoxlamağa çalışırıq. Məsuliyyətli bir ölkə olaraq Çin beynəlxalq hüquqa uyğun hərəkət edir. Biz heç bir ölkənin suverenliyini və hava məkanını pozmaq fikrində deyilik. Ümid edirik ki, əlaqədar tərəflər məsələyə sakit bir fikirlə yanaşacaqlar".
ABŞ Müdafiə Nazirliyi isə obyektin kəşfiyyat şarı olduğunu və ABŞ materikinin üzərində uçaraq Amerika ordusunu izlədiyini açıqlayıb. Şarın Montana əyalətindəki bəzi həssas hərbi obyektlərin, o cümlədən nüvə silahı anbarlarının üzərindən keçdiyi bildirilir. Səlahiyyətlilər təhlükəsizlik səbəbiylə balonu endirməyə üstünlük vermədiklərini, lakin müdaxilə imkanını özündə saxladıqlarını vurğulayıblar.
ABŞ Pekin səfirliyi vasitəsilə çinli həmkarlarına problemin ciddiliyi barədə xəbərdarlıq edib. Pentaqon rəsmiləri ABŞ hava məkanında Çin kəşfiyyat balonlarının aşkarlanmasının ilk dəfə olmadığını və son illərdə oxşarlarına rast gəlindiyini qeyd ediblər.