İranın "quyruq acısı"... yalnız öz mədəsini göynədəcək


Baxmayaraq ki, İranın Azərbaycana hərbi müdaxiləsi bu ölkəyə qarşı beynəlxalq koalisiyanın yaranmasına səbəb ola bilər, bu hücumun baş verməyəcəyinə heç kim təminat verə bilməz.


İranın dövlət siyasətinin əsasında həm də güc nümayişi və terrorun dayandığını nəzrər alsaq, belə bir təhlükəli rejimin Azərbaycana qarşı daha böyük təxribatlar törədəcəyi istisna edilmir. Yanvarın 28-də Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktından sonra İranın təxribatlarının davam edəcəyinə dair proqnozlar səslənmişdi. Bu cinayət hadisəsindən bir gün sonra İranın hərbi obyektlərinin İsrail tərəfindən dron zərbələrinə məruz qalması təxminən bir ay ərzində Tehran hakimiyyətinin təhdid mövqeyindən qismən çəkilməsi və Azərbaycanla əməkdaşlığın vacibliyinə dair yumşaq bəyanatların verilməsi ilə müşahidə olundu. Son günlər İranın hərbi aktivliyi yenidən artıb. Taktiki baxımdan, geri çəkilən İran hətta bu dəfə Azərbaycanı hərbi təcavüzlə hədələyir. İranaın döyüş təyyarələri Azərbaycan sərhəddi yaxınlığında və üzərində uçuşlar keçirməklə xəbərdarlıq mesajları verməyə çalışır. Bu baxımdan, iranlı ermənipərəst analitik Ehsan Movəheddianın sosial şəbəkələrdə etdiyi paylaşım Tehran rejiminin sərhəd pozuntusunun arxasında dayanan niyyətini aşkar etməyə imkan verir: “İran Arazın şimalındakı itirilmiş torpaqlarla sərhəddimiz boyunca hərbi təyyarələr uçuraraq Əliyevə xəbərdarlıq etdi ki, İsrailin ölkə sərhəddi yaxınlığında olmasına daha dözməyəcək”.
Sonra isə Movəheddian qeyd edib ki, əgər Azərbaycan sionist rejimlə yaxınlaşmaqda davam edərsə, bunun bədəlini ağır ödəməlidir. “Növbəti dəfə nə uçacaq?”-deyə “təhlilçi” əlavə edib.
Movəhəddian kimi “ekspertlər”in əslində, İran rejiminin sözçüləri olduğunu və hakimiyyətin sifarişini yerinə yetirdiyini nəzərə alsaq, o zaman verilən mesajları çox açıq oxumaq olar.
Birincisi, nə qədər qeyri-ciddi təsir bağışlasa da, İran Azərbaycana qarşı ərazi iddiası irəli sürür. Azərbaycan dövlətinin ərazisinin “Arazın şimalında itirilmiş torpaqlarımız” adlandırılması məhz bu niyyətə xidmət edir. Xatırladaq ki, iran hakimiyyətinin başında dayanan dövlət rəsmiləri vaxtaşırı Azərbaycana qarşı ərazi iddiası irəli sürüb. Yəni İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozmaqdan çəkinmir. Bu da rejimin mahiyyətcə terrorçu olması ilə bağlıdır.
İkincisi, İran Azərbaycan dövlətinin mövcudluğunu özünün milli təhlükəsizliyi üçün təhdid hesab edir. Burada başlıca məqam Azərbaycanın türk dövləti olması ilə bağlıdır. İran şimal sərhədlərində sərhədləri genişlənməkdə və ərazisi böyüməkdə olan dünyəvi türk dövlətinin Güney Azərbaycana təsir etməsindən narahatdır. Azərbaycan amili və onun regional tranzit dəhlizlərin üzərində yerləşməsi Türkiyənin də Cənubi Qafqazda geosiyasi nüfuzunu artırır. Ona görə də İran hərbi resursları ilə yalnız Azərbaycana deyil, həm də Türkiyəyə güc nümayiş etdirir.
Üçüncü mühüm məqam İranın Azərbaycan-İsrail əməkdaşlığından narahat olması ilə bağlıdır. Molla rejimi Azərbaycanın İsraillə siyasi və hərbi sahələrdə strateji tərəfdaş olmasına qarşı çıxır. Təbii ki, bu əməkdaşlıq İrana qarşı yönəlməyib və sadəcə, ikitərəfli münasibətləri əhatə edir. Ancaq hərbi, təhlükəsizlik və kəşfiyyat sahələrində Bakı ilə Təl-Əviv arasında əlaqələrinin dərinləşməsi İranın Cənubi Qafqazda qarşı terror, təxribat və agentura fəaliyyətinin qarşısını alır. Eyni zamanda, Tehran hakimiyyəti İsrail kəşfiyyatının Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə etdyini düşünür. Lakin ötən illərin təcrübəsi göstərib ki, Azərbaycan bu əlaqələrdən İrana qarşı deyil, əksinə xarici təsirlərdən, o cümlədən İranın özündən, Ermənistandan və terror qruplaşmalarından müdafiə olunmaq üçün istifadə edib. Bu sırada Azərbaycanda yaşayan və səfər edən yəhudilərin təhlükəsizliyinin təmin olunması xüsusi yer tutur. Hərbi əməkdaşlıq isə sırf Azərbaycan ordusunun müasir texnologiyalı silahlarla təhciz ediılməsi məqsədi daşıyır. Lakin İsrailin kəşfiyyat rəisi Gila Gamilelin və sabiq baş naziri Ehud Olmertin Bakıya səfərləri görünür İranda birmənalı qarşılanmayıb.
İranı güc nümayiş etdirməsinin başlıca səbəblərindən biri Azərbaycanın İsraildə səfirlik açması ilə izah edilir. Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyən İran məntiqsiz hərəkət edərək rəsmi Bakıdan İsraildə səfirlik açmamağı, yəni öz maraqlarının nəzərə alınmasını tələb edir. Ona görə də Azərbaycanın hava sərhəddinin pozulması Təl-Əvivdə səfirliyin açılmasına cavab addımıdır. Hətta İran bununla kifayətlənməyərək daha təhlükəli addımlar atacağını bildirmək istəyir. İran Movehiddianın dili ilə “daha nələr uçar” deməklə Azərbaycan ərazisində növbəti təyyarələrin deyil, raketlərin uçacağı ilə hədələyir. Ancaq İranın istənilən belə bir addım atması molla rejimini beynəlxalq koalisiyanın hədəfinə gətirə bilər. İsrailin eks baş naziri Ehud Olmertin Bakıda olarkən “İran Azərbaycanla hər hansı qarşıdurmaya başlamazdan əvvəl bir daha düşünməlidir”, “Azərbaycanın güclü dostları var, İsrail də onların arasındadır” açıqlamaları verməsi Tehrana yönəlik ciddi mesajlardır. Yəni İran Azərbaycana qarşı təcavüz aktına əl atarsa, hərbi, siyasi və iqtisadi müstəvilərdə İsraildən zərbələr ala bilər. Üstəlik, İsrail və dünyadakı yəhudi diasporu ABŞ-ı İrana qarşı hərbi əməliyyatlara başlamağa inandırmaq imkanına malikdir. Hətta İsrail Azərbaycanı İrana qarşı istifadə etmək üçün daha müasir və ağır silahlarla təmin edə bilər. İranın Azərbaycandakı səfiri Abbas Musəvinin Ehud Olmertin açıqlamasına özünəməxsus reaksiya verməsi mesajın ünvanına çatdığını göstərir.
ABŞ-ın müdafiə naziri Loyd Ostinin martın 10-da İsrailə səfəri zamanı verdiyi açıqlama İran ətrafında çəmbərin daraldığını göstərir. Ostinin “ABŞ İrana nüvə silahı əldə etməyə imkan verə bilməz” deyərək, İsrailin yaxın vaxtlarda İrana qarşı hərbi əməliyyatlara başlayacağını təsdiq etməsi bu istiqamətdə iki ölkə arasında razılığın əldə olunduğunu göstərir. İran rejimi onu gözləyən zərbəni artıq hiss etməyə başlayıb. Ona görə də özünü qorumaq üçün “hər tərəfə atəş açır”. Çox güman ki, İranın Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrin bərpasına dair razılaşma əldə etməsi əsas təhlükə mənbələrindən birini neytrallaşdırmaq məqsədi daşıyır. Əgər belə əməliyyat olarsa, İrana zərbələrin Azərbaycan ərazisindən deyil, İsrailin və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarından, eləcə də Hind okeanındakı hərbi gəmilərdən atılan qanadlı rakelərdən endiriləcəyini güman etmək olar.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu