Gender həssaslığının artırılmasında medianın rolu: Avropa İttifaqı və BMT-nin Əhali Fondu jurnalistlər üçün təlim keçirib


Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi ölkənin aparıcı media qurumlarının təmsilçilərinin və tanınmış blogerlərin iştirakı ilə “Mediada gender həssaslığının artırılması” mövzusunda növbəti təlim təşkil edib. Şabranda baş tutan və iyunun 9-dan 11-dək davam edən təlimdə gender əsaslı cins seçiminin qarşısının alınmasında medianın rolu müzakirə olunub.


Fərid Babayev: “Qız uşaqlarının dəyərinin təşviqində medianın rolu böyükdür”

BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib ki, təlimin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeninə media və ictimaiyyətin diqqətini çəkmək, bu problemlə mübarizə istiqamətində aparılan milli təşviqat kampaniyasına medianı cəlb etməkdən ibarətdir. Onun sözlərinə görə, BMT-nin Əhali Fondu oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi kimi zərərli təcrübələrin qarşısının alınması, habelə qız uşaqlarının dəyərinin artırılması istiqamətində Azərbaycan mediası ilə sıx əməkdaşlıq edir: “Ötən il jurnalistlər və blogerlər üçün təşkil etdiyimiz təlim böyük maraqla qarşılandı və Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması problemini mətbuatın və sosial medianın gündəminə gətirdi. Builki təlim mediada gender həssaslığının artırılması üçün nəzəri və praktik məlumatlarla zəngin bir məzmunu əhatə edir. Biz gender əsaslı cins seçimi ilə mübarizədə və qız uşaqlarının dəyərinin təşviqində medianın rolunun böyük olduğuna inanırıq”.

Azərbaycanda doğulan hər 100 qıza 112 oğlan düşür

BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Kamran Əliyev bildirib ki, hazırda Azərbaycan doğulanlar arasında cins nisbətinin pozulduğu ölkələr arasında dünyada birinci yerdədir. Amma statistik göstəricilərə nəzər saldıqda, son iki ildə rəqəmlərdə bir qədər azalma müşahidə olunur. Belə ki, 2022-ci ilin statistik göstəricilərinə görə, Azərbaycanda doğulan hər 100 qıza 112 oğlan düşür. 2021-ci ildə isə bu rəqəm müvafiq olaraq 100/116 nisbətində olub (100 qız, 116 oğlan).
Gender məsələləri üzrə ekspert Aynur Veysəlova gender əsaslı cins seçimi məsələsinin hər bir azərbaycanlını narahat edən mövzu olduğunu deyib. O bildirib ki, qanunlarla, konstitusiya ilə qadınlara verilən hüquqlar praktikada pozulur. Bunun kökündə duran səbəblərə aydınlıq gətirən A.Veysəlova bu mövzuda mövcud olan sosial normalar barədə təlim iştirakçılarına ətraflı məlumat verib.

Ailədə oğlan uşaqları niyə üstünlük təşkil edir? – səbəblər…

Gender üzrə müstəqil mütəxəssis Xalisə Şahverdi milli qanunvericilik və dövlət siyasətinin gender aspektinin qiymətləndirilməsi mövzusunda danışıb. O, Abşeron və Saatlı rayonlarında oğlan uşaqlarının nə üçün üstünlük təşkil etməsi mövzusunda apardıqları araşdırma nəticəsində müəyyən etdikləri səbəblər barədə məlumat verib. Məlum olub ki, hər iki rayonda bir çox valideynlər hesab edir ki, qızlar ailənin gəlir gətirən üzvü deyil, böyüyür, evlənir və başqa ailəyə gedir. Digər bir səbəb odur ki, valideynlər yaşlaşanda onlara ogul baxır, evlənir, ailəyə başqa bir qadın gətirir. Oğlanlar həm də soyadın daşıyıcısıdır, ona görə də hər valideynin mütləq bir oğlu olmalıdır.
Türkiyəli media üzrə mütəxəssislər Yıldız Derya Birincioğlu və Gülbin Ayşe Karat Türkiyə və Azərbaycan nümunələrində gender cəhətdən həssas xəbərin necə hazırlanmasından və buna duyduğumuz ehtiyacdan danışıblar, həmçinin təlim müddətində bu mövzuda həssas dildən istifadənin, mediada qadınları görünən etməyin, xəbərlərdə qız uşaqlarının təqdim olunmasının formalarından bəhs ediblər.
Təlim iştirakçılarına “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçiminin qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyətlər və bu fenomenin səbəb ola biləcəyi mənfi nəticələr haqqında məlumat verilib. Təlim boyunca medaiada gender həssaslığının artırılması mövzusunda fikir mübadiləsi aparılıb, gender əsaslı cins seçiminin qarşısının alınmasında medianın rolundan danışılıb.
Qeyd edək ki, təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib.

Fəxriyyə ABDULLAYEVA




































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu