Mobil telefonlar uşaqlarda miyopi riskini artırır


Mobil telefonlardan uzun müddət istifadə uşaqlarda miyopi (uzağı görməmə xəstəliyi) riskini artırır.


AFN.az xəbər verir ki, bunu Türkiyənin Erciyes Universiteti (ERU) Tibb Fakültəsinin oftalmologiya bölümündə müəllim işləyən professor Cem Evereklioğlu açıqlayıb. O, inkişaf edən texnologiya ilə insanların gözlərinə zərər verə biləcək faktorların artdığını bildirib.

Uşaqları inkişaf edən texnologiyadan uzaq tutmağın qeyri-mümkün olduğuna diqqət çəkən Evereklioğlu, telefonda kiçik cisimləri görmək üçün gözün daha çox hərəkət etdiyini və büzülmə əmələ gəldiyini bildirib.

Xüsusilə oyun üçün telefondan uzun müddət istifadə etməyin miyopinin sürətlə irəliləməsinə səbəb ola biləcəyini deyən mütəxəssis qeyd edib ki, 2023-cü ildə heç bir uşağa planşetlə oynama, kompüterə baxma deyə bilmərik: "Bunu edəndə uşağın bu dəfə texnologiyadan geri qalması ilə bağlı psixoloji problemlər yarana bilər. Amma biz onların telefona baxma vaxtını məhdudlaşdıra bilərik. Telefonda oyun oynamağı qadağan edə bilərik. Telefonun adı üstündədir, zəng üçün hazırlanıb, oyun oynamaq üçün deyil. Amma planşetlərdə kompüterlərdə ekran bir qədər böyük olduğundan gündə 1-2 saat oynamaqlarına icazə verilə bilər. Buna saatlarla icazə versək, sonra övladlarımızın gözlərində yaranan problemi müalicə etmək üçün uzun çabalar lazım olacaq".

Göz sağlamlığı üçün sosiallaşmanın da vacib olduğunu vurğulayan Evereklioğlu bildirib ki, gündə ən azı 2 saat çöldə gəzən, futbol, müxtəlif fiziki oyunlar oynayan uşaqlarda miyopinin inkişafı daha yavaş olur və bəzən irəliləməsinin qarşısı da alınır.

Dünyada miyopik xəstələrin sayında ciddi artım gözlədiklərini deyən mütəxəssis 2050-ci ildə insanların 50 faizinin miyopidən əziyyət çəkəcəyinin proqnozlaşdırıldığını bildirib: "Bu çox ciddi bir rəqəmdir. Yəni hər iki insandan birində miyopi olacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu