Allahın ümidinə qalan kimsəsiz ahıl insanlar... - ARAŞDIRMA


- 2004-cü ildə yeganə övladım – oğlum qəflətən dünyasını dəyişdi. Cəmi 9 gün idi evlənmişdi. Bu hadisədən sonra həyatımın axarı bütünlüklə dəyişdi, dəhşətli sarsıntı keçirdim. Həyatda tək ümidim, köməyim oğlum idi. Anam yəhudi olduğundan İsraildə yaşayan dayım və digər qohumlarım məni öz yanlarına apardılar. Əvvəlcə müalicə məqsədilə getdiyim ölkə bir neçə vaxtdan sonra təsəlli məkanım oldu. Çünki Bakıda oğlumun gəzdiyi yerlərdən keçmək, onun işlədiyi, yaşadığımız ünvanları görmək mənə çox ağır idi. Beləliklə, dayımın da köməyi ilə iş də tapdım və İsraildə yaşamağa başladım.


Bu müddətdə keçmiş Sovetskidə olan evim plana düşdü, bacım oğluna etibarnamə verdim, evimin pulunu alıb mənə “Elmlər Akademiyası” metrosunun yaxınlığında yeni bir ev aldı. Ev alınarkən İsraildə olduğuma görə evi bacım oğlu öz anasının adına rəsmiləşdirdi. Uzun illərdən sonra Bakıya gəlib evi öz adıma keçirmək istədiyimi dedim. Bu fikrim qohumlar arasında böyük narazılığa səbəb oldu. Demə, mən hələ ölməmiş evimi öz aralarında bölüblərmiş.

İndi artıq yaşlanmışam, səhhətimdə ciddi problemlər yaranıb, Azərbaycana qayıtmaq, qalan ömrümü burada yaşamaq, öləndə də oğluma qovuşmaq istəyirəm. Amma bir məsələ məni narahat edir ki, Azərbaycanda yaşlı, kimsəsiz insanlar dövlət tərəfindən himayəyə alınırmı, onların problemləri həll olunurmu? Mən artıq qohumlarımdan heç bir kömək gözləmirəm, ev söhbətindən sonra onlar mənimlə danışmırlar.
Bu hekayə Bakı sakini Gülnarə Babaşovaya məxsusdur. Onun əhvalatını dinlədikdən sonra bizim üçün də bu məsələ aktuallıq qazandı ki, görəsən, Azərbaycanda həssas insanlar qrupuna aid olan yaşlı, xəstə və eyni zamanda kimsəsi olmayan insanlara dövlət tərəfindən necə qayğı göstərilir, onların həyatına necə nəzarət olunur?



İsrail və Rusiyada həssas insanlar dövlətin nəzarətindədir

Qeyd edək ki, həssas insanlar bütün ölkələrdə cəmiyyətin daha çox diqqət və qayğıya ehtiyacı olan təbəqəsi kimi dəyərləndirilir və onların sosial təminat hüquqlarının həyata keçirilməsi hökumətlərin qarşısında bir nömrəli vəzifə hesab olunur. Bu məsələ müxtəlif beynəlxalq təşkilatların diqqətində olur və ayrı-ayrı ölkələrə dair hesabatlarda da öz əksini tapır.
Bizim xahişimizlə Gülnarə xanım bu mövzuda İsrail təcrübəsindən də danışdı. Onun sözlərinə görə, İsraildə nəinki kimsəsiz qocalar, hətta övladı olan yaşlı insanlar da dövlətin nəzarətindədir. Aidiyyəti qurumun nümayəndələri müraciət etdiyi halda, evdə bir otağı yaşlı valideyn üçün ayırır, hər gün qurumdan bir nümayəndə gəlib onun istəkləri ilə maraqlanır, ehtiyacı olan ərzaq və digər şeyləri alıb verir. Kimsəsiz insanlar öz istəklərinə uyğun olaraq qocalar evlərinə yerləşdirilir, orada hər bir qayğı ilə əhatə olunur.
Bu məsələyə qonşu Rusiyada da həssas yanaşılır. Sosial Təminat İdarəsi yaşlı insanların, kimsəsizlərin problemlərini həll edir, işçilər evdən çıxa bilməyənlərin təqaüdlərini alıb evlərinə aparır, lazım olan ərzaqlarını alırlar. Bayramlarda hər bir yaşlı adama xüsusi sovqatlar çatdırılır. Kimsəsiz yaşlı insanlara idarə tərəfindən bir nəfər təhkim edilir, o adam onun evini təmizləyir, bazarlığını edir, digər ehtiyaclarını qarşılayır. Bu işə görə həmin insanlar Sosial Təminat İdarəsindən yüksək məbləğdə maaş alır. Bundan başqa, əgər kimsəsiz yaşlı adam xəstədirsə, ildə bir dəfə müalicə məqsədilə sanatoriyaya göndərilir. Bayramlarda avtobuslarla teatrlara, əyləncə məkanlarına konsertlərə aparılırlar. Xüsusi günlərdə, məsələn, ad günlərində, bayramlarda onlar idarə tərəfindən təbrik edilirlər.



2023-cü ildə Sosial Xidmətlər Agentliyi 4807 tənha və ahıl şəxsə xidmət göstərib

Bəs Azərbaycanda vəziyyət necədir, ahıl və tənha yaşayan insanlara dövlət hansı qayğını göstərir? Hazırda ölkədə sosial xidmətlə əhatə olunan ahıl və tənha şəxslərin sayı nə qədərdir? Belə şəxslərin əmlak hüquqlarının qorunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı məsləhət, dəstək tədbirləri həyata keçirilirmi?
Nazirlikdən verilən məlumata görə, hazırda Azərbaycanda 465 minədək ahıl (yəni 70 və daha yuxarı yaşda olan) şəxs var. Ahıl vətəndaşlarımızın sosial müdafiəsi məqsədilə onların pensiya təminatı ildən-ilə gücləndirilir.
Son illərdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə icra edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun birgə layihəsi olan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi yaşlı, ahıl şəxslərə önəmli dəstək olub. Layihə üzrə həmin şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə xidmət edən müxtəlif tədbirlər həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 200-dən çox ahıl şəxs dövlət himayəsində yaşayır. Bu müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur. Sosial Xidmətlər Agentliyi tərəfindən 2023-cü ilin ötən dövründə tənha və əlilliyi olan 5328 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib ki, onlardan 4807 nəfəri ahıl şəxslərdir.
Agentlik tərəfindən daimi olaraq əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə sosial xidmətçilər tərəfindən evdə (səyyar) sosial xidmətlər göstərilir. Sosial xidmətçilər tənha ahıl və əlilliyi olan şəxslərin evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.
Son illər sosial xidmət sistemində yeni istiqamət kimi, ahıllar üçün günərzi qayğı mərkəzləri də yaradılıb.
“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”na əsasən isə 2024-2026-cı illərdə əlilliyi olan və ahıl şəxslər üçün bir sıra bölgələrdə mobil xidmət mərkəzlərinin də yaradılması nəzərdə tutulub. Bu mərkəzlər həmin şəxslərə onlara lazım olan yardım və sosial xidmətlərdən daha çevik faydalanmağa imkan verəcək.
Kimsəsiz ahıl insanların əmlak hüquqlarının qorunması ilə bağlı məsələyə gəldikdə, nazirlikdən bildirildi ki, bu, onların səlahiyyətinə daxil deyil.

Həkimi idi, daha sonra evinə sahib oldu...

Əslində kimsəsiz ahıl insanların müxtəlif şəxslər tərəfindən aldadılaraq evlərinin və digər əmlaklarının əllərindən alınması ciddi bir problem olaraq zaman-zaman gündəmə gəlir. Bununla bağlı növbəti hekayə Fəridə Zamanovaya məxsusdur. Onun hekayəsini oğlu Fərid danışır: “2014-cü ilin noyabrında atam avtoqəzada həlak oldu və bununla da bizim əsl faciəmiz başladı. Mən ailənin tək övladı idim. Ali təhsilli geoloq olsam da Azərbaycanda iş tapa bilmədim və dostumun məsləhəti ilə Rusiyaya işləməyə getdim. 72 yaşlı anam Bakıda Biləcəridə yerləşən evimizdə tək yaşayırdı. Bir dəfə anamla telefonda görüntülü danışanda yanında yad bir adamın olduğunu gördüm. Anam bizi tanış edib bildirdi ki, bu adam Tərlan həkimdir, poliklinikada işləyir, dövlət onun səhhətinə nəzarət etmək üçün təhkim edib. Düzü, həmin vaxtlar pandemiya dövrü idi, ona görə də bu mənə təəccüblü gəlmədi. 2022-ci ilin sonlarında anam zənglərimə cavab vermədi. Bundan çox narahat oldum, həkimlə əlaqə saxladım. O, anamın vəfat etdiyini bildirdi. Sənədlərimdə problem olduğuna görə Azərbaycana bir necə ay sonra gələ bildim. Evimizə gəldikdə qapını üzümə yad bir adam açdı. Dediyinə görə, evi Tərlan həkimdən satın almışdı. Axı bu necə ola bilərdi, ev anamın adına idi. Mən ona zəng etdikdə telefonuna oğlu cavab verdi. Məlum oldu ki, Tərlan həkimi yol keçərkən maşın vurub. Oğlu atasının onlara heç nə demədiyini, bizim evlə bağlı heç bir məlumatlarının olmadığını söylədi. Mən polisə şikayət etsəm də nəticə əldə edə bilmədim. Lakin bir şeyə əminəm ki, anam könüllü olaraq evi heç kimə verə bilməzdi. O, məni çox sevirdi, bizim olduqca mehriban münasibətlərimiz vardı”.



Renta müqaviləsi kimsəsiz ahıl insanı arzusuna çatdırırmı?

Bəs belə hallar qanunvericiliklə necə tənzimlənir, kimsəsiz insanları vəziyyətindən istifadə edib aldadan, onlara məxsus olan əmlakları ələ keçirən şəxslərə qarşı hansı cəza tədbirləri görülür?
Vəkil Cavad Cavadov deyir ki, qanunvericilikdə bu məsələ ilə bağlı çox böyük boşluqlar var. Kimsəsiz insanlar onları qəyyumluğa götürən şəxslərlə renta müqaviləsi deyilən bir müqavilə imzalayır. Müqavilənin şərtlərinə əsasən, sağ olduğu müddətdə həmin şəxs o kimsəsiz insana baxır, qayğısına qalır, dünyasını dəyişdikdən sonra isə ona məxsus olan hər şey həmin şəxsə qalır. Lakin bu qanunun işləmə mexanizminə nəzarət yoxdur. Tutaq ki, müqavilə bağlandı, aradan müəyyən müddət keçdikdən sonra kimsəsiz insanı qəyyumluğa götürən şəxs ona baxmır. Buna nəzarət mexanizmi yoxdur. Digər tərəfdən, qanunla baxmadığı halda kimsəsiz insan öz qəyyumunu məhkəməyə verə bilər. Lakin burada da daha bir problem ortaya çıxır ki, adam xəstədirsə, imkansızdırsa, məhkəməyə qədər gedib çıxa bilmir. Dolayısı ilə şikayət olmadığına görə cəza da olmur.
Vəkil deyir ki, hətta övladı olan ahıl insanların hüquqularının qorunmasında da qanunvericilikdə boşluqlar mövcuddur. Belə ki, Ailə Məcəlləsinə görə, ahıl insanların öz övladlarından aliment tələb etmək hüququ var. Amma buradakı boşluq da ondan ibarətdir ki, bunun üçün o, əvvəlcə mediasiyaya müraciət etməlidir. Daha sonra məhkəməyə müəyyən məbləğdə rüsum ödəməlidir. Bütün bunlar get-gəl tələb edir ki, bu da ahıl insanlar üçün çətinliklər yaradır.

Beləliklə, məlum olur ki, Azərbaycanda kimsəsiz ahıl insanların nəzarətdə saxlanması, onların hüquqlarının qorunması üçün konkret bir mexanizm yoxdur. Bu insanlar aldadılmamaq, sağlıqlarında sahib olduqları əmlakı verib normal bir münasibət görmək üçün sadəcə, Allaha dua etməlidirlər. Ki, insaflı biri ilə qarşılaşsınlar...

Fəxriyyə ABDULLAYEVA

Bu yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur. Materiallarda istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu