Müəllimi ələbaxanlıqdan qurtarmaq, kişi müəllimləri məktəbə qaytarmaq – budur çıxış yolu


Son günlər yenə müzakirə mövzusu məktəb, müəllim və təhsildir. Bir gün əvvəl məktəbli qızların qalmaqallı videosu yayıldı və ictimaiyyətin geniş müzakirəsinə səbəb oldu. Məktəb və müəllim həmin hadisədən "yırtdı" - əməl dərs saatında və məktəbin həyətində törədilməyib. Nə gözəl! Əla! Məktəbdən kənarda nə olur-olsun, nə müəllimin, nə təlim-tərbiyə ocağı dediyimiz məktəblərin, nə də onların "find-firuşka" direktorlarının (nəzərə alaq ki, məktəb direktorlarının böyük əksəriyyətini xanımlar təşkil edir-H.A) heç bir günahı yoxdur!


İndi isə başqa bir video yayılıb: yuxarı sinif şagirdi olan oğlan sinif otağının qapısını arxadan bağladıb masaların üzərində gəzir. Hoppanır ora, hoppanır bura, axırda da yıxılıb zədələnir. Bütün bunlar nədən baş verir? Oxumuş, savadı, dünyagörüşü hesabına irəli gedən, normal həyat yaşayan insanlar da iddia edirlər ki, təhsilin, məktəbin bu cür olaylarda heç bir rolu, günahı yoxdur, bütün günahlar valideyndədir... Bu da bir ayrı dərddir! Arqumentlər qoyulur, təhsilli, dünyagörüşlü yeniyetmələr belə şeylər etməz deyilir, ekspertlərdən, mütəfəkkirlərdən, təcrübəli şəxslərdən misal çəkilir, yenə dediklərini deyirlər.
Təcrübəli pedaqoqlardan birinin maraqlı sitatı paylaşılıb: təxmini məğzi budur ki, bütün valideynlər savadlı, dünyagörüşlü, tərbiyəli, əxlaqlı olmaya bilər, amma bütün müəllimlərdə, təhsilverənlərdə bu keyfiyyətlər olmalıdır. Tamamilə haqlıdır! Və elə ailələrin uşaqlarını elə müəllimlər, təhsil ocaqları, pedaqoqlar çəkib çıxarıb müasir dünyaya çıxarmalıdır! Təəssüf ki, bunu qəbul edən çox az sayda insan var.

Saçları rənglənmiş, dırnaqları yarım metrə şagird məktəbə gəlir, amma heç kim onu buna görə tənbeh etmir, qadağan etmir bu görkəmi. Məlum videodakı qızların birinin saçları rənglənib, o birinin dırnaqları adamın gözünü çıxaracaq qədər uzundur. Onların təkcə xarici görünüşü ailələrində və təhsil aldıqları məktəbdəki təlim-tərbiyə mühitini bəlli edir.

Mənim övladlarım ibtidaini 311 saylı məktəbdə oxuyurlar. Həmin təhsil müəssisəsində valideynlər əvvəlki rəhbərliyin vaxtının xiffətini edirlər. Deyirlər ki, köhnə direktor bütün günü mərtəbələri gəzirmiş, nəzarət edirmiş, nəinki aşağı siniflər, heç yuxarı sinif şagirdləri də onun vaxtında tənəffüsdə belə sinifdən çıxa bilmirlərmiş. Çəkinirlərmiş. Amma indi qonşumuzun qızı dodağı boyalı gedir məktəbə. Anasına deyirəm, and içir, məni qınayır ki, yəqin səhv salmısan, bizim qız deyil. Niyə? Çünki qız səhər evdən normal vəziyyətdə çıxır, yolda bəzənir gedir məktəbə, bilir ki, görən, tənbeh edən olmayacaq. Direktorlar kabinetlərdən çıxmalıdırlar, bir az zabitəli olmalıdırlar, nüfuz önəmli faktordur idarəçilikdə.
Uşaqların təlim-tərbiyəsindən kişilər kənarlaşdıqca da vəziyyət qəlizləşəcək. Yanvar ayında qızımın yarımillik valideyn iclasına qatıldım. Əksəriyyət analar gəlmişdi. Cəmi 3 kişi valideyn var idi. Sinifə bir dənə də olsun kişi müəllim girmədi. Biz növbələşirik, məktəbdə bir tədbirə həyat yoldaşım gedir, digərinə mən. Bizim toplum olaraq xarakterimizdə var: yanında kişi yoxdursa qadın arxasızdır, atası yoxdursa uşaq zəifdir, qadındırsa əzmək, basıb keçmək olar. Bu xarakter dəyişməyəcək, çünki bir az da mentalitetə bağlı təfəkkürdür, amma kişi müəllimləri məktəbə qaytarmaqla vəziyyəti bir az düzəltmək mümkündür. Məktəbdə sinif rəhbəri, direktor, müavinlər kişi olsa, atalar da avtomatik məktəbə cəlb olunacaq. Bu da mentalitetdir: müəllim qadındır, iclasda hamısı analar olacaq deyə atalar uşaqların məktəbindən, dərsindən də uzaqlaşır. Əsas məsələ qalır anaların üstündə, onların da əksəriyyəti savadsız, haqqını-hüququnu bilməyən, sındırılmış, əzilmiş qadınlardır. Valideynlərin votsap qruplarında hansısa məsələyə etiraz edəndə, irad bildirəndə müşahidə edirəm: əksər analar məni dəstəklədiyini özəldə yazıb bildirir, ailəsindən ehtiyat etdiyi üçün səsini çıxarda bilmədiyini deyir. "Sən sərbəst sözünü deyə bilirsən, bəxtəvərsən!" O qədər bu tip mesajlar almışam ki, valideyn yoldaşlardan. Acı reallıqdır təəssüf ki...
Biz cəmiyyət olaraq, dövlət olaraq, heç olmasa bundan sonra neqativlərin baş verməməsi üçün addımlar ata bilərik. Məktəbin, müəllimlərin nüfuzu özünə qaytarılmalıdır. Bunun üçün isə məktəblər yüksək təhsil verməlidir. Valideynin dili müəllimin yanında uzun olmamalıdır, müəllim dərs saatında təhsildən yayınıb şagirdi əlavə hazırlığa məcbur etməməlidir. Təhsil! Təhsil! Təhsil! Hər şeyin kökündə təhsil dayanır!!! Bəzən belə fikirlər səslənir ki, keçmişdə müəllimə hörmət vardı. Bəli, vardı. Çünki biz keçmişdə müəllimdən elm öyrənirdik və müəllim bunu bizə təmənnasız edirdi. İndi isə biz müəllimə pul verir ondan təhsil alırıq. Ona görə də valideyn də, şagird də özünün müəllim üzərində söz haqqı olduğunu düşünür. Ələbaxan adamın hörməti olmaz! Olmayacaq! Müəllimləri ələbaxanlıqdan qurtarmaq lazımdır.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu