Başkənddən yavru Vətənə baxış...


Doğulduğum və qarış-qarış gəzərək cənnətdə addımlamaq hisslərini yaşadığım Naxçıvana səfərlərim çox olub. Azərbaycanın sinəsində döyünən böyük bir ürək olan Naxçıvana bu dəfəki səfərimin səbəbi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatılarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvanda reallaşdırdığı “Müharibə iştirakçıları üçün biznes təlimi” adlı layihə idi.


Son 14 ildə ilk dəfə idi ki, uzun müddətli qalmaq şansı yaranmışdı. Düz 4 gün doğma Naxçıvanda həm layihəni icra etdik, həm də Azərbaycanın zəngin tarixi keçmişini, mədəniyyətini, adət-ənənələrini özündə qoruyub saxlayan doğma diyarı yenidən kəşf etdim.
Layihə çərçivəsində Qarabağ müharibəsi və ermənilərin bu yurda hücumlarına qarşı silaha sarılan naxçıvanlılara yüksək səviyyədə təlim keçdik, eyni zamanda bu qəhrəman insanları yaxından tanımaq imkanı da yarandı.
4 gün sanki bir an kimi gəldi keçdi, lakin Bakıya geri dönmək üçün tələsmirdim. Etiraf edim, heç qayıtmaq da istəmirdim. Bəs mən niyə Bakıya geri qayıtmaq istəmirdim?
İlk olaraq qeyd edim ki, Naxçıvanda çox mühüm və bir-birindən uğurlu işlərin inkişafını gördüm. İnfrastruktur, təhsil, səhiyyə və digər sosial obyektlər inşa olunmaqdadır. Elmin inkişafı və Naxçıvan tarixi ilə bağlı araşdırmaların aparılması istiqamətində ciddi nəticələr əldə edilir, tarixi abidələrin bərpası ilə bağlı tədbirlər görülür, əhalinin təbii qaz və elektrik enerjisinə olan tələbatı tam ödənilir. Vətəndaşların rifahının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılır. Görülməsi vacib olan işlər də davam edir.
Düzdür, Naxçıvanda olduğum 4 gündə eyni sözləri eşitdim: iş yerləri bağlanıb, tikinti dayanıb, camaat çörək dalınca başqa ölkələrə üz tutur. Ancaq bunlar keçmişdən qalan zədələrin görüntüləridir, burada olduğum müddətdə bu zədələrin sağalması istiqamətində atılan addımları da görməmək mümkün deyildi.
Bu gün Naxçıvanda bütün sistem elektronlaşır. Bunu olduğum idarələr, görüşdüyüm dostların hər birindən eşitdim. Və hamısının ağzından çıxan yekun söz bu idi: “İnanırıq və ümid edirik ki, istədiyimiz Naxçıvanı görəcəyik”. Mən isə əminliklə deyirəm: “Mütləq görəcəyik”.
Naxçıvan bu saat xərçəngə qalib gələn xəstəni xatırladır: bərpa və xəstəlikdən sonrakı dövr hələ qabaqdadır. Bu gün Naxçıvanda bütün idarə və təşkilatların qapısı vətəndaşın üzünə açıqdır. Naxçıvan MR Sosial Müdafiə Nazirliyindən tutmuş bir neçə dövlət idarəsinin qapısını döymüş oldum. Sistem dəyişib, daha əvvəliki kimi “nəyə gəlmisən?” deyə soruşmurlar, artıq “necə kömək edə bilərik?” deyə sual ünvanlayırlar.
Sosial şəbəkə üzərindən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəliyinin mətbuat katibi Günay Malikqızına “Sizinlə görüşmək istəyirəm, işim var” mesajına Günay xanım ani cavab verir: “Şahbuzda tədbirdəyəm, saat 16:00-da idarədə gözləyəcəm”. Bəli, budur yeniliyi Naxçıvanın. Artıq vətəndaş gözlədilmir, süründürülmür. Danışdığım yüzlərlə naxçıvanlıdan “şükür, indi istədiyimiz idarəyə dərdimizi-şikayətimizi deyə bilirik” kimi sözləri eşitmək artıq baryeri aşmağın təzahürüdür.
Heydər Əliyev Beynəlxalq aeroportundan səmaya qalxan təyyarə Naxçıvan şəhərindəki hava limanına enəndə bizi qarşılayan hava özü “gəl-gəl” deyirdi. Bunu fürsət bilib mümkün qədər Naxçıvanı piyada gəzməyə üstünlük verirdim. Naxçıvan əvvəllər gördüyümdən qat-qat dəyişib, müasirləşib və daha da gözəlləşib. Elə bu səbəbdəndir ki, illərdi gömədiyim xeyli sayda “köhnə tanışlar”ı görmək də qismət oldu. Bəziləri Bakıdan gəlmişik deyə tez şikayət dolu fikirlərini bizə “yükləməyə” çalışırkən, qəti olaraq pessimist fikirləri yaxınıma buraxmırdım. Çünki yuxarıda da qeyd etmişəm: istədiyimiz Naxçıvanı yaxın zamanlarda görəcəyik.
Son zamanlar naxçıvanlıları incidən nədir? Ən çox eşitdiyim sözlər də bu oldu: “Satınalma, tender”. Bayaq da qeyd etmişdim, “Naxçıvan elektronlaşır”. Bunun üçün sadəcə bir balaca da səbrli olmaq kifayət edəcək ki, elektronlaşdırılmış Naxçıvanın dadını çıxara bilək, süni maneələri aşa bilək.
Bəlkə də abartılı səslənəcək, amma 14 ildə ilk dəfə idi bir qismət çörək kəsmək üçün dostlarımız az qala növbə davası aparırdılar. Hətta zaman ayıra bilməyəndə inciyirdilər.
Bəli, bu dəfə Başkənddən görünən yavru vətən ürəyimi açdı. Qısa zamanda hələ altı dəfə Naxçıvana gedib-gələcəm. 27 il Naxçıvanda yaşayanda qədrini bilmədiyim bu diyarı çalışacam ki, hər dəfəsində kəşf edə bilim. Kaş hər bir azərbaycanlı heç olmasa ömründə bir dəfə Naxçıvana gəlsə və bu gözəlliyi gözləri ilə görə...
Böyük şairimiz Məmməd Arazın şeirindən bu bənd Naxçıvan səfərində beynimdə dolaşırdı:

Biz nöqtə qoymuşuq acıya, dərdə
Ömrü ulduzlardan almışıq indi.
Babamız qəm əkib, qəm biçən yerdə
Çiçəkli bağ-bağat salmışıq indi...


Səni sevirəm, Naxçıvan...

Emin Tarverdiyev, “Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu