Həyat və sənət akademiyası, yaxud sadəcə, Əhsən Dadaşov...


Adını atasının dayısı Mir Əbdülxaliq kişi qoymuşdu. Özü də tam təsadüfən. Əliabbas kişi oğlu olduğunu biləndə xəbəri ilk dayısı ilə bölüşür. Dostları ilə nərd oynayan Mir Əbdülxaliq kişi “Əhsən” deyib zərini atır. Atası deyir ki, istəyirəm adını sən qoyasan. Dayı başını qaldırıb gülə-gülə deyir ki, dedim axı, Əhsən.


Yəqin ki, o anda ziyalılar arasında xüsusi hörmət-izzət sahibi olan Mir Əbdülxaliq kişi adını qoyduğu bu oğlanın gələcəkdə Azərbaycan musiqi tarixində özünəməxsus iz qoyacağını, həm sənətkar, həm də İNSAN olaraq cəmiyyət arasında sayılıb-seçilən şəxsiyyətlərdən biri kimi tanınacağını, bir sözlə, adının haqqını verəcəyini ağlına belə gətirməmişdi...

Ayaqqabı puluna tar alır...



Musiqi sahəsinə gəlməsi də maraqlı bir təsadüflə bağlıdır. Ailəsinin həkim kimi görmək istədiyi Əhsən bir gün musiqi alətləri satılan dükanın qarşısından keçəndə gözü vitrindəki alətə sataşır və heyrətdən yerindəcə donub qalır. Bəlkə də İlahinin bir təqdiri idi ki, elə həmin anda da musiqiçi olmaq, ömrünü tara bağlamaq qərarı verir. Bir müddət sonra anasının qardaşına ona ayaqqabı almaq üçün verdiyi pulu tərəddüd etmədən həmin tara verir. Beləliklə, Əhsən Dadaşovun musiqi həyatı başlayır. İndiki Asəf Zeynallı, o vaxtkı musiqi texnikumuna da ailəsindən gizli daxil olur.
Və bir gün anasına deyir ki, mən musiqi texnikumunda oxuyuram, bu gün ilk konsertimdir. Həmin gün onun ifasını dinlədikdə ixtiyarsız olaraq anasının gözlərindən yaş gəlir. O bilmirdi ki, Əhsən belə tar çalır. Çünki heç vaxt evdə tar çalmamışdı. Həmin konsertdə dahi Üzeyir Hacıbəyov, müəllimi Ənvər Mansurov gəlib ona xeyir-dua verir.



İlk notlu ansamblın müəllifi...

Bu il 100 yaşını qeyd etdiyimiz Azərbaycan SSR əməkdar artisti Əhsən Dadaşov musiqi ictimaiyyətində görkəmli tarzən, solist, orkestr ifaçısı, müşayiətçi, ansambl rəhbəri, bəstəçi və pedaqoq kimi tanınırdı. 1920-ci ildən sonra ud və kanun alətlərinin Azərbaycanda ifası qadağan edilmişdi. Bu alətləri yenidən ölkəmizə qaytaran və ansambla gətirən, eyni zamanda ilk dəfə ifa edən məhz Əhsən müəllim olub.
Əhsən Dadaşov irsinin tədqiqatçısı Elşən Tahirov deyir ki, Əhsən müəllimin ansamblı Azərbaycanda yaradılan ilk notlu ansambldır. O vaxta qədər bəstəkar mahnılarını ifa edən ansambl yox idi. Ona görə də bəstəkarlar öz mahnılarını ilk dəfə Əhsən müəllimə təqdim ediblər: “Əhsən Dadaşov öz ansamblına qarmonu, gitaranı, qoşa nağaranı heç vaxt daxil etməyib. Onun ansamblı ancaq milli musiqi alətlərindən ibarət olub. Buna görə o, dünyasını dəyişəndən sonra belə bir deyim formalaşır ki, Azərbaycan musiqisi səhnə musiqisi səviyyəsindən toyxana musiqisi səviyyəsinə düşdü. 1952-ci ildə Hacı Xanməmmədov tərəfindən Əhsən müəllimin özünə ithaf edilən tar və simfonik orkestr üçün yazılmış konsertin ifaçısı olub. Eyni zamanda ilk notlu xalq çalğı alətləri ansamblını yaradıb. O, tardan başqa kamançada, pianoda, kanonda mükəmməl ifa edib. 20-dək rəngin müəllifidir. Əhsən Dadaşov musiqi təhsilindən əlavə, BDU-nun şərqşünaslıq fakültəsini bitirmişdi. Azərbaycan və rus ədəbiyyatını əzbər bilirdi, evində çox zəngin kitabxanası vardı. Çox da mütaliəçi insan olub. O, eyni zamanda mükəmməl ziyalı idi”.
Bəlkə də çox az adam bilir ki, illərdir hər kəsin sevə-sevə dinlədiyi “Sona bülbüllər” mahnısının yaranması birbaşa Əhsən Dadaşovun xidmətidir. Hətta Qədir Rüstəmovun televiziya ekranlarına çıxması da onun vasitəsilə baş verib. Qədir Rüstəmov mahnılarını yalnız onun ansamblı ilə yazıb. Əhsən Dadaşov dünyasını dəyişəndən sonra Qədir Rüstəmov sənətdən küsüb və uzun bir müddət doğulduğu Abdal Gülablı kəndində yaşayıb.
Tədqiqatçı deyir ki, ümumiyyətlə, hər bir sənətkarın həyatında Əhsən Dadaşovun özünəməxsus yeri və rolu olub. O vaxtın sənətkarlarının ən böyük arzusu Əhsən müəllimin ansamblında oxumaq idi: “O, Bülbül, Zülfü Adıgözəlov, Xan Şuşinski, Əlövsət Sadıqov, Rəşid Behbudov, Mirzə Babayev, Şövkət Ələkbərova, Sara Qədimova, İslam Rzayev, Zeynəb Xanlarova, Gülağa Məmmədov, Rübabə Muradova, Elmira Rəhimova, Nəzakət Məmmədova, Arif Babayev, Süleyman Abdullayev, Qədir Rüstəmov və digər görkəmli müğənniləri müşayiət edib. Dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyə, İran, İraq, Seneqal, Hindistan, Misir, Əlcəzair, Kuba, Çexiya, Ruminiya və digərlərində Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ edib”.
Əhsən Dadaşov filmlərə musiqilərin ifası üçün ən çox müraciət edilən sənətkardır. “Dəli Kür”də, “Bizim Cəbiş müəllim”də, “Nəsimi”də, “Koroğlu”da ud, “Ögey ana”da, “Mən ki, gözəl deyildim”də tar, “Qatır Məmməd”də, “Ulduzlar sönmür”də ansambl, tar ifaları Əhsən Dadaşov və ansamblına məxsusdur.



“Atam evdə olanda evimizdə çox mehriban, səmimi ab-hava olurdu”

Əhsən Dadaşovu hər kəs sərt xasiyyətli biri kimi tanısa da, ailədə çox mülayim olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəlliməsi olan qızı Xanım Məhərrəmova deyir ki, evdə qardaşı Ənvərlə onun üstünə səsini heç vaxt qaldırmayıb: “Atam dünyasını dəyişəndə mənim 16, qardaşımın isə 13 yaşı vardı. Bizim atamızla çox vaxt keçirmək imkanımız olmadı. O, tez-tez qastrollara gedirdi, səsyazmada olurdu, məktəbdə dərs deyirdi. Amma atamla bağlı hər şey dəqiqliyinə qədər yadımızdadır. Çünki onunla birlikdə olmaq bizim üçün bir bayram idi. Bizim bütün arzularımızı yerinə yetirirdi. Bir dəfə 7-8 yaşım olardı, gecə saat 11-də dedim ki, dondurma istəyirəm. Anam dedi, yatmaq vaxtıdır, indi hər yer bağlanmış olar. Gedib yerimə uzandım. Bir az keçdi, eşitdim ki, qapı döyülür. Gördüm atam əlində dondurma gəldi. Mənə “Dondurma istəyən qız, dur ayağa, dondurmanı ye” dedi”.
Xanım müəllimə anası ilə atasının münasibətlərindən də danışır. Deyir ki, onların arasında həm böyük sevgi, həm də hörmət olub. Bunun bir səbəbi sevgi idisə, digər səbəbi də hər ikisinin eyni sənətin daşıyıcısı olması idi: “Anam özü də musiqiçi olmuşdu, vaxtilə Səid Rüstəmovun orkestrində kamança ifaçısı kimi çıxış etmişdi. Özü də indiki Asəf Zeynallını bitirmişdi. Atamla birlikdə oxumuşdular orada da. Yəni həm sevgi, həm də peşə bağlılığı vardı onların arasında. Anam tərbiyə və təhsil məsələlərində bizə qarşı çox ciddi idi, atam isə əksinə, bütün kaprizlərimizi yerinə yetirirdi. Bununla bərabər, anam bizə nəyisə qadağan edəndə, atam onun əleyhinə çıxmayıb, nə də əksinə, atam deyəndə anam qarışmırdı. Atam evdə olanda evimizdə çox mehriban, səmimi ab-hava olurdu. Ümumiyyətlə, atam hər kəslə çox mehriban idi. Ailə məclislərinin yaraşığı idi. Hamı onun gəlişini gözləyirdi”.
Atasının 9 yaşlı qardaşının ölümünü heç vaxt qəbul etmədiyini deyən Xanım Məhərrəmova kədərli bir xatirəsini danışır: “Atam rəhmətə gedəndən bir müddət sonraya qədər mən onun əşyalarına toxuna bilmədim. Amma bir gün onun tarını futlyardan çıxarmaq istədim. Bu zaman futlyarın içərisində ölən qardaşımın qatlanıb səliqə ilə qoyulan şərfini gördüm. Demə, atam onu özü ilə həmişə hər yerə aparırmış. Evdə isə bu acını, həsrəti mümkün qədər bizə hiss etdirməməyə çalışırdı...”



Onunla çalışmaq ən böyük sənət xoşbəxtliyi idi...

Əhsən Dadaşovla uzun illər çiyin-çiyinə bir kollektivdə çalışan Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Şəfiqə Eyvazova deyir ki, dönüb öz ömür yoluna nəzər saldıqda orada iz qoyanlardan birinin də sənət müəllimi Əhsən Dadașov olduğunu görür. Bu görüntü Şəfiqə xanıma böyük qürur bəxş edir. “Ona təkcə sənət müəllimi deməyi çox bəsit hesab edirəm” deyir. Şəfiqə xanımın öz sözləri ilə ifadə etsək, Əhsən Dadaşov nəcib, xeyirxah, qayğıkeş insan, Azərbaycan milli musiqi sarayının monolit özüllərindən və qüdrətli dayaqlarından biri, muğamlarımızın, xalq və bəstəkar mahnılarımızın saflığını göz bəbəyi kimi qoruya-qoruya gələcək nəsillərə ərməğan edən virtuoz sənətkar, mahir tar, kamança və ud ifaçısı, bənzərsiz və təkrarsız fəaliyyət göstərmiș xalq çalğı alətləri ansamblının rəhbəri, eyni zamanda görkəmli mədəniyyət xadimi idi: “Əhsən müəllim mənim gözümdə “Böyük dayaq” filmindəki Rüstəm kişi kimi azərbaycanlıya məxsus ləyaqətlə qızı, gəlini, qadını çox yüksək qiymətləndirən, müsəlmanlığı hətta həyatından da çox sevdiyi musiqiyə belə qurban verməyən dəyərli, mən deyərdim ki, böyük hərflərlə yazılan İNSAN idi. Mən fəxrlə özümü Əhsən müəllimin mənəvi övladı sayıram. Hesab edirəm ki, nə qədər Azərbaycan musiqisinin şah damarı olan muğam var, ölməz Əhsən Dadasov sənətinin şirinliyi, onun unudulmaz dəst-xətti həmişə yaşayacaq”.



Sanki tarının sarı simləri ürəyinin şah damarına bağlanmışdı...

“Əhsən Dadașov, sözün lap böyük və geniş mənasında, həyat və sənət akademiyası idi. Onu kimi insanlar dünyaya nadir hallarda gəlir. Bu insana ilahi qüvvə tərəfindən elə bir istedad verilmişdi ki, sanki tarının sarı simləri ürəyinin şah damarına bağlanmışdı. Tarı çala-çala elə kökləyirdi ki, elə bil belə də olmalıydı”.
Bunu isə Əməkdar incəsənət xadimi, uzun illər Əhsən Dadaşovla xalq çalğı alətləri ansamblında birlikdə fəaliyyət göstərən Arif Əsədullayev deyir. Onun fikrincə, Əhsən Dadaşov adını qeyri-adi tar ifaçılığı ilə əbədiləşdirən, Azərbaycanın milli mədəniyyət və ifaçılıq salnaməsinə qızıl hərflərlə yazan nadir musiqiçidir. Arif müəllim musiqiçilər arasında populyar olan “filan ifaçının çox böyük ürəyi var, yəni çox həssas qəlbə malikdir” deyimini Əhsən müəllim üçün belə ifadə edir: “Onun bütün varlığı böyük bir ürək idi!” Sonra isə sənət dostu ilə bağlı bir xatirəsini bölüşür: “Əhsən ifası zamanı dinləyicini sanki ovsunlayırdı. Sizə olmuş bir hadisəni danışım. Bir dəfə televiziyada canlı konsertdə Şövkət Ələkbərovanı müşayiət edirdik. Şövkət xanımı solo tarda Əhsən müəllim necə müşayiət etdisə, bütün ansamblın üzvləri sanki donub qalmışdıq. Şövkət xanım ifanın təsirindən oxuduğu mahnının sözlərini, hətta hansı mahnını ifa etdiyini belə yadından çıxarmışdı. Konsertdən sonra Şövkət xanımın elə studiyada Əhsən müəllimə dediyi sözlər bu gün də mənim yadımdadır: “Əhsən, sənin ifandan sonra oxumaq çox çətindir, hər müğənninin iși deyil. Sən öz ifanla adamın ağlını başından çıxarırsan!”
“Biz bu ansamblda çalışdığımız dövrdə yorulmaq nə olduğunu bilmirdik” deyir Arif Əsədullayev: “Çünki Əhsən müəllim həddindən artıq zəhmətkeş, vicdanla çalışmağı sevən bir kollektiv rəhbəri idi. Həftədə iki, bəzən isə üç dəfə yığışıb məşq edirdik. Məşqlərimiz o qədər maraqlı keçirdi ki, 4-5 saatın nə vaxt ötdüyünü hiss etmirdik.
Əminəm ki, Əhsən müəllimin çox zəngin fəlsəfi dünyagörüşü ilə yaratdığı musiqi parçaları, muğam rəngləri həmişə sənətsevənlərin yaddaşında yaşayacaq”.

***

Deyirlər Əhsən müəllimin həyatında kədərli hadisələr çox olub və bu da onun sənətinə, ifasına təsir edib. Bəlkə elə bəzən ifaları zamanı ağlaması da bu hadisələrdən qaynaqlanıb. Atası gənc yaşında repressiya qurbanı olub, çox sevdiyi müəllimi Ənvər Mansurov müharibədə həlak olub, onun adını övladına qoyub, o da 9 yaşında qan xərçəngindən ölüb. Bütün ömrü boyu övladının itkisini unutmayan Əhsən müəllimin öz ömrü də qısa olub. Cəmi 52 il. Amma bu qısa ömrə əsrlər ötsə də, gənc nəsil üçün hər zaman örnək olacaq mükəmməl bir SƏNƏT və İNSANlıq dastanı sığdırıb...

Fəxriyyə ABDULLAYEVA

Bu yazı “Azərbaycan Mətbuat Şurasının, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzinin və Xəzər Media Mərkəzinin Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı birgə yazı müsabiqəsinə təqdim olunur




































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu