Qənirə Paşayeva Təbrizli ünlü sənətkarla görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Təbrizli ünlü sənətkar, “Dalğa” musiqi qrupunun, “Rövşən” musiqi məktəbinin qurucusu Çingiz Mehdipurla görüşüb.
AFN.az xəbər verir ki, tanınmış aşıqla görüş Mədəniyyət Komitəsində baş tutub. Aşığın sənət uğurlarına bələd olduğunu söyləyən Komitə sədri, onun aşıq musiqisini, saz havalarını nota köçürən ünlü sənətkar kimi həm pedaqoji, elmi kollektivlərdə, həm də sənət aləmində yaxşı tanındığını, sevildiyini və öyrənildiyini vurğulayıb.
Q.Paşayeva Aşıq Çingiz Mehdipurun gənc istedadların üzə çıxması və onların sənətin sirlərinə yiyələnməsi istiqamətində səmərəli çalışmalarını şükranlıqla xatırladıb.
Sənətkarın 1983-cü il də, Tehran Çəng musiqi məktəbində musiqi yazmağa və notları toplamağa başladığını məmnuniyyətlə xatırladan Q.Paşayeva, onu peşəkar sənətşünas kimi fəaliyyətinin 40-cı ildönümü münasibəti ilə təbrik edib, uğurlar arzulayıb: “Siz 1990-cı ildə “Dalğa” Musiqi Qrupunu yaradaraq, bir çox ölkədə çıxış etmisiz. 1992-ci ildə “Rövşən” Musiqi Məktəbini quraraq, qopuz çalmağı öyrətməklə yanaşı “Qopuz məktəbi və onun elmi öyrənməsi” kitabını yazmağa başlamısız. Siz həmin kitabı 2000-ci ildə nəşr etdirəndən 4 il sonra, “Aşıq havaları” adlı daha bir kitabla çıxış etmisiz. Sizə yeni sənət uğurları diləyirəm”.
Aşıq Çingiz Mehdipur Q.Paşayevaya səmimi görüş üçün təşəkkür edib.