Qadirin ağ ciyəri sağdı!


Nihat CƏBRAYIL

Dünən Qadirin xəstəxanaya yerləşdirildiyini oxudum təəccübləndim! Xəstə adama oxşamır dedim, öz-özümə. Məyər ciddi xəstəymiş, ara-sıra xəstəlikdən yazsa da, ciddiyə almırdım, düşündüm ki, yəqin hamımız kimi, onun da mədəsində qızartı var. Axı bizlər dünyadakı utanmayan, nacis ləyaqətsiz adamların yerinə utanan, pərt olub qızaran adamlarıq. Hətta o, qədər qızarırıq ki, bu qızartı mədəmizə qədər gedib çıxır və bizi içimizdən yandırır...


Bu gün isə Qadir əminin (ona əmi deyirdim) bu dünyadan köçdüyünü oxuyub şoka düşdüm və ağlıma ilk gələn Qadirin Pərviz Cəbrayılın toyundakı o gülər üzü və oğlu Əlinin sifəti oldu. Qadiri ilk dəfə 1995-ci ildə Pərvizin toyuna gələndə tanımışam. O vaxt "Azadlıq” qəzetinin böyük kollektivi gəlmişdi: Qadir İbrahimli, Qənimət Zahid, Gündüz Tahirli, Vüqar Bayramlı, Zöhrab İsmayıl, Azər Hüseynbala, Azər Əhmədov, Elçin Səlcuq (mərhum) və adını ani olaraq unutduğum kimlər (beynim donub çətinliklə yazıram unuduram adları). Kəsəsi, Qadirin o gülər üzü ordan ağlımdadı. Oğlu Əlinin sifəti isə Qadirin hər günaşırı paylaşımlarından ağlımdadı. Əliyə çox bağlı idi. Hamımız övladımızı çox istəyirik, amma Qadirin Əli haqda foto paylaşıb nə isə yazması çox fərqli idi məncə. Bəlkə də hiss etmişdi uzun yola çıxacağını. Bəlkə də ona görə övladlarının, əsas da Əlinin fərqli fotolarını paylaşırdı. Əlini Qadirin ağ ciyəri kimi görürəm nədənsə, bəlkə yalnış ifadədi, amma bunu doğurdan da belə hiss edirəm. Allah övladlarını qorusun, gülər üzlü abim.
Qadirlə bağlı yaşıdları daha yaxşı yazar, xatırlayar bəlkə, amma mən də "Azadlıq" qəzetinə tez-tez gəlişini, əsasən Faiq, Elşən, Sücəddin bəy ilə zarafatlarını xatırlayıram. Olduqca özgüvənli olan biri idi. Adama elə gəlirdi ki, Qadir 150 il yaşayacaq. Öncə Elçin Səlcuq, sonra Mövlüd, son Əmrah, indi də Qadir bəy.
Növbəti bəlkə də mənəm. Bəzən insan havasız qalaktikada hiss edir özünü, nə ayaqların yerə çatır, nə nəfəs borun sözünə baxır, ulğumun düyünlənir beyninə, qalırsan dərin bir boşluqda...
Bütün ölümlər ağrı verir, sabah sıra kimdədi, bilən yoxdur. Yazacaq söz çox olsa da Qənimət Zahid demişkən "zəhlənizi tökmək istəmirəm"... Qadir əmi, gülə-gülə! Qara ciyərin vəfasız çıxsa da, ağ ciyərin yaşayır və sənə layiqli övlad olacaq, buna əminəm.
Kələntər dayı, jurnalistikanın yeganə sağ qalanlarının ölməsi çox ağrıdır...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu